Azərbaycanlı futbolçular alman klubundan ayrıldılar
07.12.2009 - 16:19
Azərbaycanlı futbolçular alman klubundan ayrıldılar
Almaniyanın “Hoffenhaym” klubunda hazırlıq keçən azərbaycanlı futbolçular geri qayıdıblar. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, noyabrın 2-dən Bundesliqa təmsilçisinin düşərgəsində olan Aleksandr Qross, Elşən Abdullayev, Qara Qarayev və Araz Abdullayev assosiasiya rəhbərliyi tərəfindən qəbul olunub.

Belə ki, bu gün qurumun baş katibi Elxan Məmmədov AFFA-nın inzibati binasında futbolçularla görüş keçirib. O bildirib ki, aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən futbolçuların hazırlığının yüksəldilməsi üçün AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bir neçə futbolçumuzun “Ayntraxt” (Frankfurt), “Akademiya” U-15 komandasının “Fənərbaxça” klubunda təlim-məşq keçməsi, hazırda 4 futbolçumuzun “Bavariya” klubunun bazasında hazırlıqda iştirakı belə tədbirlərdir. Məmmədov “Hoffenheym” rəhbərliyi tərəfindən futbolçularımızın hazırlıq səviyyəsinin və intizamlılığının yüksək olması ilə bağlı AFFA-ya geniş hesabat göndərildiyini, bu cür tədbirlərin gələcəkdə də təşkil olunacağını da qeyd edib.

Xatırladaq ki, AFFA ilə “Hoffenheym” arasında mövcud olan əməkdaşlıq çərçivəsində 17 yaşadək yığmamızın üzvləri - Aleksandr Qross və Elşən Abdullayev, U-19-dan isə Qara Qarayev və Araz Abdullayev noyabrın 2-dən dekabrın 6-dək bu klubun düşərgəsində təlim-məşq toplanışında olublar.
0