Azərbaycanlı futbolçular Almaniyada nə öyrəniblər?
07.12.2009 - 16:42
Azərbaycanlı futbolçular Almaniyada nə öyrəniblər?
“Hoffenhaym” klubunun 23 yaşlılardan ibarət komandası ilə məşq keçmək mənim üçün çox maraqlı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayev deyib.

Almaniyada 5 həftəlik hazırlıq keçən 17 yaşlı futbolçu Bundesliqa təmsilçisinin düşərgəsində baş verənlər haqda fikirlərini AFFA-nın rəsmi internet saytına açıqlayıb: “Məşqlərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. 19 yaşlı futbolçulardan ibarət komanda ilə yanaşı, “Hoffenheym”in U-23 komandasında məşq etdim”.

“Qarabağ”ın oyunçusu Qara Qarayev isə üzləşdiyi problemi xatırlayıb: “Yeni mühit, yeni məşqçilər və fərqli məşq metodu olduğundan ilk vaxtlar müəyyən qədər çətinlik çəkirdik. Ancaq sonra bu problemi yoluna qoyduq. Fikrimcə, bu toplanışın bizə çox xeyri dəydi”.

Aleksandr Qross isə alman məşqçilərdə müsbət fikir oyada bildiklərinə sevinir: “Fərqli mühitə düşmüşdük. Məşqçilərin bizim barəmizdə fikirləri müsbət oldu. Orada öyrəndiklərimizi daha da inkişaf etdirməyə çalışacağıq”.

Yığmalarımızın oyunçuları Almaniya təmsilçisinin düşərgəsində yeni şeylər öyrəndiklərindən də razı qalıb. Elə Elşən Abdullayev də bu qazancın vacibliyini düşünür: “Əsas odur ki, yeni nə isə öyrəndik. Həm də təcrübə baxımından toplanış xeyrimizə oldu”.

Qeyd edək ki, yığmalarımızın futbolçuları noyabrın 2-dən dekabrın 6-dək “Hoffenhaym”ın düşərgəsində hazırlıq keçib.
0