“Turan” bu dəfə hansı sürpriz hazırlayır?
07.12.2009 - 18:23
“Turan” bu dəfə hansı sürpriz hazırlayır?
Sabah Unibank Premyer Liqasının XIV turunun açılış oyununda Yevlaxda “Karvan” klubunun qonağı olacaq “Turan” son illərdə rəqibinə ağır zərbə vurub. Apasport.az saytının məlumatına görə, iki gün öncə “Neftçi” ilə oyundan sonra gündəmdə olan Tovuz təmsilçisinin bu dəfə “Karvan”a hansı sürpriz hazırladığı maraq doğurur. Məsələ ondadır ki, Yevlax klubu yarandığı 5 ildə “Turan”dan üç ağır zərbə alıb və Tovuzda keçirilən bu görüşlər böyük əks-səda doğurub.

Hər şey 2005/06 mövsümündə başladı ki, həmin vaxt sona bir tur qalmış “Turan”ın qonağı olan “Karvan” çoxlarının gözləmədiyi halda, qələbə qazana bilmədi – 0:0. Həmin iki xal itkisi Yunis Hüseynovun komandasına sonda çempionluq bahasına başa gəldi. Qeyd etdiyimiz mövsümdə gümüş medal qazanan “Karvan” bundan sonra ümumiyyətlə, mükafatlara həsrət qalıb.

“Karvan” tarixində ən böyük hesablı məğlubiyyətlərindən birini bu il “Turan”dan alıb. Yevlaxlılar ötən mövsümün ikinci dövrəsində 0:4 hesablı həmin məğlubiyyətdən sonra üç futbolçusu – qapıçı Vitali Kovalyov, müdafiəçi Ruslan Qafitullin və yarımmüdafiəçisi, eyni zamanda kapitanı Kamal Quliyevi qovdu.

“Karvan”ın “Turan”la növbəti səfər oyunu da bu il olsa da, cari mövsümə təsadüf etdi. Komandasının uğursuz çıxışından təngə gələn Hüseynov tovuzlulara 1:2 hesablı məğlubiyyətdən sonra istefa verdi. Ancaq klub rəhbərliyi bu istefanı qəbul etmədiyi üçün 44 yaşlı mütəxəssis fəaliyyətini davam etdirməli oldu. Maraqlıdır ki, Hüseynov və onun yetirmələrinin “Turan”la Yevlaxdakı dueli nə ilə nəticələnəcək?

Bir şeyi də nəzərə almaq lazımdır ki, Hüseynovun “Turan”dakı həmkarı, vaxtilə bir yerdə oynadığı Nizami Sadıqovun istefası haqda indi çox danışılır. Belə ki, Sadıqovun “Neftçi” ilə oyundan sonra klubdan ayrılmaq istədiyi, rəhbərliyin isə buna razı olmadığı və bu məsələyə “Karvan”la sabahkı oyundan sonra tam aydınlıq gələcəyi deyilir.

Qeyd edək ki, “Turan” “Karvan”a son zərbəni bu gün vurdu. Söhbət Premyer Liqa klublarının əvəzedici komandaları arasında oyundan gedir ki, tovuzlular səfərdə rəqibini darmadağın edib – 5:0.
0