AFFA şübhəli “Turan” – “Neftçi” oyunu ilə bağlı mövqeyini açıqladı
07.12.2009 - 17:59
AFFA şübhəli “Turan” – “Neftçi” oyunu ilə bağlı mövqeyini açıqladı
“Əgər “Turan” - “Neftçi” oyununun nəticəsi həqiqətən də əvvəlcədən razılaşdırılıbsa, bununla əlaqədar çox ciddi tədbirlər görüləcək. Çünki biz ədalətli, şəffaf çempionat keçirilməsinin tərəfdarıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Unibank Premyer Liqasının XIII turu çərçivəsində “Turan”ın öz meydanında “Neftçi” ilə görüşü böyük əks-səda doğurub. Belə ki, fasiləyə 2:0 hesabı ilə öndə yollanan tovuzlular ikinci hissədə qapılarından bilərəkdən 3 top buraxıblar. Məmmədov vurğulayıb ki, geniş müzakirələrə səbəb olan bu matçla bağlı AFFA-ya hələlik rəsmi müraciət olunmayıb: “Azərbaycan çempionatını Peşəkar Futbol Liqası təşkil edir. Prosedur qaydalara görə, adı ətrafında xoşagəlməz, mənfi fikirlər söylənilən oyunla bağlı ya mənə, ya da AFFA Ekspert Komissiyasına müraciət edilməlidir. Məhz bundan sonra Ekspert Komissiyası araşdırma apara, müvafiq qərar verə bilər. Bu komissiyanın hər görüşlə əlaqədar araşdırmalara başlaması qeyri-mümkündür. Buna görə də Ekspert Komissiyası şübhəli oyunlardan verilən şikayət əsasında fəaliyyət göstərir. Konkret “Turan” - “Neftçi” matçına gəlincə, bu komandalardan hansınınsa bizə şikayət verəcəyi inandırıcı görünmür. Belə olan halda, Ekspert Komissiyasına PFL, AFFA-nın Hakimlər Komitəsi, qarşılaşmanın hakim-inspektoru, lap elə baş hakimin özünün də müraciət etməsi ehtimalı var. Lakin indiyədək bizə şikayət məktubu daxil olmayıb”.

Mətbuat vasitəsilə hadisədən xəbər tutan baş katib oyununun videoyazısını izləyəcəyini söyləyib: “Tovuzdakı qarşılaşmada mənfi hallara rast gəlinməsi barədə mətbuatdan, o cümlədən sizin saytdan xəbər tutmuşam. Təbii ki, görüşün videoyazısına baxacağam”.
0