Hakim səhvləri ilə bol tur
07.12.2009 - 21:11
Hakim səhvləri ilə bol tur
Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda ölkə çempionatının XIII turunda baş vermiş qanun pozuntularına hüquqi qiymət verilib.

"Olimpik-Şüvəlan"la görüşdə “Karvan”ın futbolçusu Ömər Berdiyev bilərəkdən rəqibini ayaqla vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən Ömər 2 oyunluq cəzalanmaqla yanaşı, komandasını 2000 manat ziyana salıb.

"Standard" – "Bakı" oyununun 75-ci dəqiqəsində Aleksey Savinov (“Bakı”) idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə ilə cəzalandırılıb. Lakin matçın videoyazısı izlənildikdə qaydanın paytaxt təmsilçisinin digər futbolçusu Ernad Skuliç tərəfindən pozulduğu aşkar edildiyi üçün Aleksey Savinova göstərilmiş sarı vərəqə onun aktivindən silinərək Ernad Skliçin adına yazılıb. Oyunun 90+1-ci dəqiqəsində Fabio Luis Ramim (“Bakı”) hakimin qərarına etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Matçın videoyazısı izlənildikdə hakimə etiraz Aleksey Savinov tərəfindən edildiyi aşkarlanıb. Buna görə Ramimə göstərilmiş sarı vərəqə onun aktivindən silinərək, Aleksey Savinovun hesabına yazılıb.

Tovuzdakı şübhəli "Turan" – "Neftçi" qarşılaşmasının 83-cü dəqiqəsində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün meydan sahibləri 2000 manat cərimə olunub. Oyunda sonra mətbuat konfransında qatılmayan baş məşqçi Nizami Sadıqov qərb təmsilçisini daha 1000 manat xərcə salıb.

"Qəbələ" – "Qarabağ" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaq komanda 1000 manat cərimələnib. Oyunun 71-ci dəqiqəsində Tomaş Stolpa (“Qəbələ”) simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

İK üzvləri, Hakimlər Komitəsinin sədri və Hakim-İnspektorlar Komitəsinin sədrinin iştirakı ilə matçın videoyazısı izlənilib və oyunun 89-cu dəqiqəsində Pavels Dorosevsin (“Qəbələ”) rəqibinə əli ilə zərbə endirdiyi aşkar edilib. Bu səbəbdən də futbolçu 2 oyunluq cəzaya, klubu isə 2000 manat cəriməyə məruz qalıb. Oyunun 90-cı dəqiqəsində "Qarabağ"ın futbolçusu Admir Teli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

"Muğan" – "Simurq" oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qonaq komanda 1000 manat cərimə olunub.
0