“Bakı” klubu Rusiya milli komandası ilə qarşılaşa bilər
08.12.2009 - 10:31
“Bakı” klubu Rusiya milli komandası ilə qarşılaşa bilər
Gələn ilin yanvarında keçirilməsi nəzərdə tutulan “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” ciddi təhlükə ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, ənənəvi turnir bu dəfə baş tutmaya da bilər.

Yarışın əsas təşkilatçıları olan ruslar yarışda iştirak etməyə komanda tapmır. Belə ki, şimal klubları yarışa biganəliyi ilə diqqət çəkir. Əsas təşkilatçı funksiyasını yerinə yetirən Rusiya Futbol İttifaqı (RFİ) ölkə çempionatının hər üç mükafatçısının sərt cavabı ilə üzləşib. İndi “Rubin”, “Spartak” və “Zenit” nəinki əsas, heç əvəzedici heyətinin də “Birlik kuboku”nda oynamasına razı deyil.

RFİ alternativ variant kimi, yarışa bəzi klubların futbolçularından ibarət milli komanda göndərmək haqda düşünür. Lakin vaxtilə gənclər yığmasının turnirdə iştirak etməsinin effekt verməməsi rusları çıxılmaz vəziyyətdə qoyub. Çünki turnir vaxtı gənclər millisinin oyunçuları da öz klubları ilə toplanışlarda olurlar.

RFİ-nin baş direktoru Andrey Sorokun də vəziyyətin ağır olduğunu etiraf edib: “Danışıqlar yekunlaşanadək nə isə demək istəmirəm. Biz hələ də məsələ üzərində işləyirik. Klublardan hər hansının razılığını ala biləcəyimizə ümidimizi itirmirik. Ona görə yığma variantı haqda düşünmək istəmirəm. Axı “Birlik kuboku” yığmaların yox, klubların turniridir”.

Yarışın startına ay yarımdan az vaxt qalsa da, hələlik püşkatma mərasimi keçirilməyib. Hərçənd, əvvəlki turnirlərin püşkü 2-3 ay, hətta bəzən daha erkən atılırdı.

Qeyd edək ki, Azərbaycanı turnirdə son ölkə çempionu “Bakı” təmsil edəcək. Paytaxt klubunun potensial rəqiblərindən Belarus (BATE), Moldova (“Şerif”), Özbəkistan (“Bunedkor”) çempionları yarışa qatılmaqdan rəsmən imtina edib. Digər ölkələrlə bağlı isə Rusiyadakı kimi qeyri-müəyyənlikdir.
0