FİFA Rəşad Sadıqova “hə”, Berti Foqtsa “yox” dedi
08.12.2009 - 11:34
FİFA Rəşad Sadıqova “hə”, Berti Foqtsa “yox” dedi
FİFA 2009-cu ildə dünyanın ən yaxşı futbolçusu olmağa namizədlərin sayını konkretləşdirib. Apasport.az saytının məlumatına görə, bu il planetin ən güclüsü “Barselona” və ya “Real” klubunun hücumameylli oyunçusu seçiləcək.

Belə ki, “Brilyant top”a qalan beş namizəd argentinalı Lionel Messi, ispanlar Xavi Ernandeslə Andreas İnyesta (hamısı “Barselona”), portuqaliyalı Kriştianu Ronaldo ilə braziliyalı Kakadır (hər ikisi “Real”). Kaka 2007-ci ildə, Ronaldo isə ötən il bu titulu qazanıb. Bu dəfə “Brilyant top” uğrunda mübarizədə əsas favorit sayılan 22 yaşlı Messi az öncə Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”a sahib çıxıb.

Qeyd edək ki, FİFA son namizədləri milli komandaların baş məşqçiləri və kapitanlarının seçimindən sonra elan edib. Milli komandamızın kapitanı Rəşad Sadıqov müvafiq olaraq, Messi, Xavi və Ronaldoya səs verib. Göründüyü kimi, onların üçü də “Brilyant top” uğrunda mübarizədə qalır. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts isə sorğuda ispan hücumçu Fernando Torres, alman yarımmüdafiəçi Mihael Ballak və ingilis müdafiəçi Con Terrinin xeyrinə seçim edib. Göründüyü kimi, FİFA-nın son siyahısında bu üç futbolçunun heç biri yoxdur.
0