Uğursuz bazarlıq, yaxud Süleymanov “quş buraxdı”
08.12.2009 - 12:09
Uğursuz bazarlıq, yaxud  Süleymanov “quş buraxdı”
Tahir Süleymanov gecikdi. Əgər o vaxtında Mətbuata Yardım Fondunu yarada bilsəydi, indi Tovuzda nədir, lap Barselonada, Milanda, Mançesterdə də rahatlıqla oyun ala bilərdi. Amma vicdanını pula satmayan əksər həmkarlarım onun bu hiyləsinə aldanmadı və sabiq FİFA referisinin jurnalistlərə yardım üçün klublardan ianə toplamasına dəstək vermədi. Yolunu azanlar, tiraja görə fərqli məbləğ davasına çıxanlar da oldu. Amma qələmi ilə özünü sübut edənlər “ac olub kişi olmağa” üstünlük verdi və beləcə Süleymanovun missiyası başlamamış bitdi.

Əslində, Tahir bəyin bu açıqlaması özünü mətbuata sevdirmək, "Neftçi"yə dəstək əldə etmək istəyindən başqa bir şey deyildi. Çünki əslində Misir Əbilovun gəlməli olduğu flaqmanın vitse-prezident postuna Ramin Musayevin bir gecəlik "əməliyyat tədbirləri" nəticəsində əyləşən Süleymanov kluba faydalı olduğunu nə iləsə sübut etməli idi. Yoxsa PFL prezidentinin keçmiş əlaqələrindən istifadə edərək "Neftçi"yə təyin etdirdiyi Tahir bəy fəaliyyətsizliyi ilə yadda qalardı. Arabir azarkeşlərlə, jurnalistlərlə görüşüb "lazımlı işçi" obrazı yaratmaq vacib idi. Yoxsa ki, yalnız klub saytına material hazırlamaqla vitse-prezident adını daşımaq olmur axı...

Tahir bəy işlədiyi əksər yerlərdə qısa fəaliyyətiylə tanınıb. Məsələn, vaxtilə çalışdığı "Turan"a o keçmiş həmkarları olan hakimlərlə "işləmək" üçün aparılmışdı. Vəzifəsi başqa cür göstərilsə də, əslində fəaliyyət dairəsi belə məhdudlaşdırılmışdı. Amma sonradan bu işi də üzünə-gözünə bulaşdırdığı üçün Tovuzu vaxtından çox erkən tərk etdi. Daha sonra qardaşı Məzahir Süleymanzadənin rəhbəri olduğu Bakı Futbol Federasiyasında təşkilati işlərlə məşğul olan, uşaqlar arasında turnir keçirməklə kifayətlənən Tahir bəy arabir düşməni olduğu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu tənqid etməklə gündəmdə qalırdı. Və bir gün onun bəxtinə yenidən gün doğdu: "Neftçi"yə göndərildi. Həmin vaxtdan Süleymanovdan hansısa tənqid eşitmisiz?

İndi Tahir bəy daha bir "quş buraxdı". Onun "Turan"da işlədiyi vaxtdan yaratdığı dostluq bağları "Neftçi"ylə oyunda komandasını biabırçılıqdan çəkib çıxardı. Amma komandanın üstünə yaxılan palçıq həm flaqmanı, həm də Süleymanovu ifşa etdi. Bakı klubu "altılığ"a düşmək üçün qazanmalı olduğu vacib üç xalı meydan sahiblərinin "səxavət"i sayəsində əldə etdi.

Dünən Tahir bəyin ölkə mətbuatına verdiyi bir müsahibəni oxudum. O, Tovuzdakı oyunun ikinci hissəsinə baxmadan stadionu tərk etdiyini deyir. Adama deyərlər: niyə? Çünki fasilədən sonra "Turan"ın könüllü təslim olacağını bilirmişsiz, planlaşdırıbmışsız.

İndi qərarı AFFA verməlidi: ya hələ hesab 2:0 "Turan"ın xeyrinə olarkən matçın satılacağını və flaqmanın 3:2 hesabıyla qalib gələcəyini iddia edən apasport.az saytı, eləcə də oyunun bilərəkdən verildiyini iddia edən bu klubun sabiq icraçı direktoru Yaşar Sultanov məhkəməyə verilməlidir, ya da hər iki klub cəzalandırılaraq I diviziona göndərilməlidi. Həmişə danışılmış oyunlarla bağlı fakt istəyən assosiasiya rəsmiləri iki yoldan birini seçməlidi.

Onu da vurğulayım ki, bu "Neftçi" - "Turan" münasibətlərində ilk "səxavət jesti" deyil. Tovuzluların yeganə çempionluğunu hansı şəraitdə qazanması, sonrakı birinciliklərdə bu komandaların duellərində reallaşan əcaib hesablar, lap elə ötən mövsüm "Turan"ın elitada qalması üçün "Neftçi"nin evində rəqibə xal bağışlaması və s. onlarla fakt var. Bu da növbətisi...

Mən hələ o vaxt - Mətbuata Yardım Fondunun yaradılması ideyası ortaya atılanda "Neftçi"nin bu addımını jurnalistlərə mədəni şəkildə rüşvət təklif etmək kimi dəyərləndirmişdim. Süleymanovun arzusu həyata keçsəydi, media onun təklifinə razılaşsaydı, indi əksər jurnalistlər bu fakta göz yummalı olacaqdı. Amma nə yaxşı ki, qələm əhli satılmadı və əsl alıb-satanları ifşa etməyi bacardı. Halbuki o zaman "Neftçi" "İnter"lə razılığa gedəndə bəziləri bunu qabartmamağı lazım bildi. Belə ki, Bakı klubları arasında da centlmensayağı razılıq var ki, hər kəs öz evindəki oyunda qələbə qazansın. Elə bu səbəbdən Samir Əliyev aşkar ofsayddan qol vuranda buna hamı göz yummuş, başqa vaxt özünü dağıdan məşqçi və rəhbər heyət də faktın üstündən sükutla keçmişdi. Budur neçə illər bacarıqsız olduğundan işsiz qalan Vaqif Sadıqovla Tahir Süleymanovun özünü "Neftçi"yə sırımasının nəticəsi. Flaqman futbolumuza belə nümunə olmaq istəyir...

Vüsal Mahmudov, “Ekspress-futbol” qəzeti
0