Şərəfsiz!
08.12.2009 - 12:32
Şərəfsiz!
Şənbə günü futbol ictimaiyyəti, azarkeşlər növbəti rəzalətin şahidi oldu. Söhbət əlbəttə ki, "Turan" - "Neftçi" qarşılaşmasından gedir. Azarkeşlər Tovuzda futbola yox, iyrənc şouya şahidlik etdilər. Hərçənd tovuzlu azarkeşlər artıq buna adət edib. Ötən mövsüm "Turan"ın doğma meydanda "Bakı"ya necə 3 xal "hədiyyə etdiyini" xatırlayırsız? Həmin matçda meydan sahibləri yerlərində "heykəl" kimi donub qaldıqdan sonra qonaqlar Fernando Peres və Amiran Mucirinin qolları sayəsində vacib 3 xal qazanmışdılar. İndi isə "Neftçi" analoji üsulla qalib gəldi.

Paytaxt təmsilçisi vitse-prezidenti Tahir Süleymanovun "səyi" nəticəsində yoluna davam etdi. Bu həmin Süleymanovdu ki, bir müddət əvvəl "Tovuz"un vitse-prezidenti postundan istefa vermişdi. Bu həmin Süleymanovdu ki, "Neftçi"də vəzifə alar-almaz komandanı Çempionlar Liqasının qrup mərhələsinə çıxaracaqlarından dəm vurdu. Nə ilə, hansı oyunla, cənab Süleymanov? Olmaya xarici klublara da əliniz çatır?

Futbol adamları öz kefində, iyrənc əməllərini davam etdirməkdə olsunlar. Bundan ən çox əziyyət çəkən isə azarkeşlərdi. Amma onlar da heyf çıxmağı bacarır. Necə ki, bunu tovuzlu fanatlar etdi. Onlar "Neftçi"yə təslim olan futbolçuları yağlı söyüşə qonaq etməklə yanaşı, kütləvi şəkildə oturacaqları da sındırıb, darmadağın ediblər. Sözsüz ki, bu təqdiredici hal deyil. Amma oyun satan bir kluba bu da azdı. İnsanların hissləri ilə oynayanlara yalnız bir ad vermək olar - şərəfsiz!

Yeri gəlmişkən, azarkeşlərin söyüşlərini həzm edə bilməyən Nizami Sadıqov əvvəlcə onların üzərinə hücum çəksə də, oradan uzaqlaşdırılıb. Lakin baş məşqçi söyüşün acığını divara vurduğu yumruqla çıxıb. Hansı ki, bunun nəticəsində barmağını sındıran Sadıqovu oyunsonrası mətbuat konfransında köməkçisi Sakit Alıyev əvəzləyib. Amma istər Əliyev, istərsə də "Neftçi"nin çalışdırıcısı Vaqif Sadıqov oyunsonrası mətbuat konfransında şübhəli danışıblar. Maraqlıdı ki, hər iki mütəxəssis oyunun satılması ilə bağlı deyilənləri təkzib etməyiblər.

Tovuzda başverənlər bəlkə də bu qədər geniş ajiotaja səbəb olmazdı, əgər "Turan"ın sabiq icraçı-direktoru Yaşar Sultanov olayla bağlı apasport.az saytına müsahibə verməsəydi. Çünki ötən mövsüm "Bakı" Qərb səfərindən 3 xalla dönəndə mətbuat bunun üstündən ötəri keçdi. Hansı ki, bunun səbəbini oxucularımız da bilməmiş olmazlar. Amma bu dəfə hər şey fərqli oldu və Soltanovun açıqlamaları şok effekti doğurdu. Gəlin, onu dinləyək: "Turan" və "Neftçi" arasında razılaşdırılmış oyun olub. Tərəflər görüşün nəticəsini qabaqcadan razılaşdırıblar və qarşılaşma nəzərdə tutulan kimi nəticələnib. Bu iddiaları irəli sürmək üçün xüsusi hüquqi biliyə malik olmaq lazım deyil. Oyun barədə elementar araşdırma apardıqda hər şey aydın görünür. Birinci hissədə tovuzlular iki qol vurub, irəli çıxırlar. Fasilədən sonra isə mübarizə aparmır və rəqibin 3 dəfə fərqlənməsinə imkan yaradırlar. İmkan yaratmaq o demək deyil ki, "Neftçi"nin oyunçularına qol vurmaq üçün ötürmə verirlər. Sadəcə, matç zamanı sən qaçmırsan, əvəzində rəqib qaçıb, qol vurur".

Bununla yanaşı, Soltanov razılaşmanın necə baş tutmasından xəbərsiz olduğunu dilə gətirib: "Açığı, mən bu oyuna canlı baxmamışam. Ancaq qarşılaşmanın gedişini dəqiqəbədəqiqə izləmişəm. 90 dəqiqə ərzində telefonum susmayıb. "Turan"ın niyə görə "Neftçi"yə bilərəkdən uduzduğunu söyləyə bilmərəm. Çünki razılaşma anında orada olmamışam. Tərəflər müxtəlif məqsədlərlə danışıqlara gedə bilərlər. Mən bu klubda icraçı-direktor, eləcə də İdarə Heyətinin üzvü olanda da "Turan"ın şərəfini öz şərəfim bilmişəm. Bizim dövrümüzdə heç vaxt belə hal olmayıb. Həmişə komandanı çirkin oyunlardan qorumağa çalışmışıq. Təbii ki, son olaylar mənə çox pis təsir göstərdi".

Yaşar bəy başverənləri böyük xəyanət adlandırıb: "Bunu həm ləkə, həm də xəyanət adlandırardım. Tovuzlu azarkeşləri aldatmaq qeyri-mümkündü. Onlar işin nə yerdə olduğunu dərhal anlayıblar. Əksər klublardan fərqli, "Turan"ın təkcə Tovuzda deyil, Azərbaycanın bütün regionlarında azarkeşi var. Hazırda ciddi jurnalist araşdırmasına ehtiyac var. Eyni zamanda, AFFA-nın müvafiq strukturları da məsələyə dərhal müdaxilə etməlidilər. Fikrimcə, xarici təcrübəni premyer-liqaya tətbiq etmək lazımdı. Məsələn, bir neçə il öncə İtaliyada "Yuventus" A seriyasından çıxarıldı. Əgər "Turan" və "Neftçi"nin razılaşdırılmış oyuna getdiyi rəsmən təsdiqlənərsə, hər iki komanda I diviziona göndərilməlidi".

Nəzərinizə çatdıraq ki, "Turan" - "Neftçi" matçında başverənlər yazılı şəkildə AFFA-ya təqdim olunub. Nəticəsi şübhəli sayılan görüşdə yaşanan hadisələr matçın rəsmi protokolunda da əks olunub. Amma protokolda oyunun hansı axarda davam etməsi deyil, biabırçılığı həzm edə bilməyən azarkeşlərin hərəkətləri qeyd olunub. İkinci hissənin gedişində və matç bitdikdən sonra tamaşaçıların kresloları sındırması və rəngarəng şüarlar səsləndirməsi protokolda yazılıb. Yerli fanatlar AFFA-nın qadağan etdiyi "istefa" şüarı ilə kifayətlənməyib müxtəlif qeyri-etik ifadələr də səsləndirib. Bütün bunlar, həmçinin meydançaya kənar əşyanın atılması isə "Turan"ın mütləq cəzalanacağı deməkdi. AFFA-nın İntizam Komitəsi təkcə hakimin protokoluna əsasən meydan sahiblərinə cəza kəsəcək.

Bu arada Tovuzda başverənləri araşdırmaq üçün komissiya yaradılıb. Bu haqda PFL prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, komissiyanın tərkibi 5 nəfərdən ibarətdi. Komissiya üzvlərinin adlarını açıqlamaqdan imtina edən PFL prezidenti onların müstəqil fikir yürüdəcəklərinə təminat verib. Komissiya üzvləri "Turan" - "Neftçi" matçının videoyazısını izləyib, oyunun danışılmış olub-olmadığına dair qərarlarını açıqlayacaqlar: "Hər halda, oyunu PFL-in operatorları çəkib, videoyazısı var. Matçın razılaşdırılmış olub-olmadığına dair qərarı müstəqil komissiya qəbul edəcək. Bu haqda sabahadək rəsmi açıqlama veriləcək. Danışılmış oyun təsdiqlənərsə, hər iki komanda çempionatdan uzaqlaşdırılacaq".

Gördüyünüz kimi, Musayev fakt təsdiqlənərsə, hər iki komandanın çempionatdan uzaqlaşdırılacağını deyir. Amma PFL prezidentinin bu açıqlaması qeyri-ciddi xarakter daşıyır. Ötən mövsüm "Turan" - "Bakı" oyununun satıldığını anlamamaq üçün yalnız kor olmaq lazım idi ki, PFL müəyyən səbəblərdən özünü "korluğa", görməməzliyə vurdu. Şükür Allaha, indi həm "Bakı", həm də "Turan" elitada çıxışlarını davam etdirirlər.

Bəs indi "Neftçi"ni hansı üzlə cəzalandırmaq olar? Tahir Süleymanov çıxıb deməzmi ki, xeyir ola hamı oyun satır, amma bu məsələ bizim başımızda çartlayır?

“Ekspress-futbol” qəzeti
0