İlqar Quluzadə: Onun insani keyfiyyətlərində ciddi problemlər var
08.12.2009 - 12:40
İlqar Quluzadə: Onun insani keyfiyyətlərində ciddi problemlər var
“Mənim vaxtımda FİFA-dan Hans-Yurgen Gede ilə bağlı rəsmi sənəd almamışdıq. İndi belə xəbərdarlıq məktubunun olduğunu deyə bilmərəm. Çünki mən artıq komandada deyiləm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə deyib.

Bu postda 15 ay çalışan Quluzadənin dövründə baş məşqçi postuna gətirilən Hans-Yurgen Gede yarım ildən sonra istefaya göndərildi. Bu ilin martında qovulan alman mütəxəssisdən uzun müddət xəbər-ətər çıxmasa da, indi müqaviləsinin birtərəfli qaydada, qeyri-qanuni şəkildə pozulmasını əsas gətirərək klubdan təzminat istəyir. Bu məqsədlə Gede FİFA-ya müraciət edib və ali futbol qurumu da onun iddiasını təsdiqləyərək, təzminat ödənilməsi haqda qərar çıxarıb. Hətta bu məqsədlə “Neftçi”yə rəsmi məlumat göndərən FİFA təxminən 100 min avronun yaxın zamanlarda ödənilməsi barədə kluba xəbərdarlıq edib.

Quluzadənin artıq 3 aya yaxındır “Neftçi”dən ayrıldığını nəzərə alsaq, onun bu haqda xəbərsiz olması, klubdan sənəd haqda soruşulmasını deməsi başa düşüləndir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Gede ilə bağlı olaylar flaqmanın əvvəlki rəhbərliyində baş verib. Bu mənada Quluzadənin fikirlərini öyrənməyə lüzum vardı: “Bu məsələdə faktlarla danışmaq lazımdır. Yəni, həqiqətən də FİFA-dan belə rəsmi sənəd gəlib, ya yox? Həmin sənədi görəndən sonra öz fikrimi deyə bilərəm. Fakt yoxdursa, danışmağa da dəyməz. Təbii ki, müqavilə pozulursa, təzminat məsələsində Gede öz mənafeyini güdəcək, klub da öz nüfuzunu qoruyacaq. Onun nəinki məşqçilikdə, insani keyfiyyətlərində də ciddi problemləri var idi. Gede “Neftçi”dən kənarlaşdırılmasından artıq xeyli vaxt keçib. Görünür, yuxusunda nəsə görüb”.

Qeyd edək ki, Gede ölkəmizdə ilk fəaliyyətinə milli komandamızda baş məşqçi Berti Foqtsun köməkçisi kimi başladı. O, ötən ilin sentyabrından “Neftçi”yə təyinatından bir müddət sonra həmyerlisi ilə də arası pozuldu.
0