MOİK-in məşqçisi “ən yaxşı” seçildi - FOTO
08.12.2009 - 14:39
MOİK-in məşqçisi “ən yaxşı” seçildi - FOTO
Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbol komandasının çalışdırıcısı Siyasət Əsgərov AFFA-nın təşkil etdiyi məşqçilik kurslarında fərqlənib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, o, B kateqoriyalı kursa qatılan məşqçilər arasında ən yaxşı seçilib. Əsgərov almaniyalı Oliver Pelzerin rəhbərlik etdiyi kursda nəzəri və praktiki biliklər baxımından bütün həmkarlarını qabaqlayıb. Kurslarda ümumilikdə 24 məşqçi iştirak edib. Yaxın günlərdə MOİK-in məşqçisinə B kateqoriyalı lisenziya təqdim olunacaq.

Əsgərov gələcəkdə də məşqçilik savadını artıracağını söyləyib: “Kurslar çox maraqlı keçdi. Nəzəri və praktiki biliklərə yiyələndik. Kurslarda iştirakıma şərait yaratdığı üçün MOİK rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bundan başqa, AFFA rəsmilərinə də xüsusi təşəkkür edirəm. Çünki məhz onların səyi nəticəsində gənclərimiz məşqçilik savadı almaq şansı qazanırlar. Gələcəkdə daha yüksək kateqoriyalı kurslarda iştirak etməyi planlaşdırıram. Məqsədim güclü məşqçi kimi püxtələşmək və Azərbaycan futbolunun inkişafına töhfə verməkdir”.

Qeyd edək ki, 23 yaşlı Əsgərov MOİK-in əsas futbol komandasında Ramil Əliyevin köməkçisi işləyir.
0