Balıq başdan iylənəndə...
08.12.2009 - 15:28
Balıq başdan iylənəndə...
Premyer Liqanın XIII turunda Tovuzda keçirilmiş “Turan” - “Neftçi” matçı futbolumuzun çirkabına bulaşanları üzə çıxarmağımızda yardımçı oldu. Həqiqətin köməyi sayəsində. Çünki həqiqət qorxaqların düşmənidir. Əgər sıravi azarkeşlər Azərbaycan futbol funksionerlərinin bəziləri ilə yaxından tanış olsaydılar, indi stadionlarda bir ins-cins də tapmaq olmazdı.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin şəffaflıq haqda nağılları əksəriyyəti bezdirib. Məsələn, o, ötən həftə apasport.az saytına müsahibəsində hakimlər - Fariz Yusifov və Azad Mütəllimovun cəzalandırılmadığını qətiyyətlə bildirirdi. Ancaq PFL prezidentinin cavabını AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov verdi: hər iki hakim 3 oyunluq diskvalifikasiya edilib. Biz hələ martda qeyri-müəyyən şəkildə “yoxa çıxan” Babək Quliyevdən danışmırıq.

Ramin bəyin “Turan”ın “Neftçi”yə hədiyyə etdiyi 3:2 hesablı qələbə haqda dedikləri isə yumor hissinə malik insanlar üçün əsl dərmandır. O iddia edir ki, bütün bu söz-söhbətləri yayanlar “Turan”ın baş məşqçisi Nizami Sadıqovun yerinə göz dikənlərdir. Hörmətli, PFL prezidenti! “Turan”ın bilərəkdən “Neftçi”yə uduzacağı xəbərini ilk dəfə apasport.az saytı yayıb. Sizi əmin edirik ki, bizlərdən heç kimin “Turan”ın baş məşqçisi olmaq niyyəti yoxdur. Odur ki, özünüzü pis vəziyyətdə qoymamaq üçün fantaziyanızı işə salıb, daha ağıllı nağıllar fikirləşin.

“Turan” - “Neftçi” oyunun danışılmış olması barədə xeyli fakt var. Görüşü canlı izləyənlər, eləcə də videoyazıya baxanlar meydan sahiblərinin ikinci hissədə rəqibə müqavimət göstərmədiyinin şahidi oldular. Tovuzlu futbolçular “Neftçi”nin qalib gəlməsi üçün hər şey etdilər. Tutaq ki, mətbuat qərəzli məlumatlar yayır. Bəs tovuzlu azarkeşlərin tribunada 1238 kreslonu qırmasına nə deyirsiniz? İndiyədək Tovuzda belə qalmaqal olmuşdu? Nizami Sadıqovun qarşılaşmadan sonra istefa verməsi nə ilə bağlıdır? Halbuki, baş məşqçi “Turan” rəhbərliyi ilə görüşmədiyini deyirdi. Flaqmanın vitse-prezidenti Tahir Süleymanov Tovuzdakı matçın fasiləsində stadionu tərk edib və telefon zənglərinə iki gün cavab verməyib. Eyni zamanda, “Turan” futbolçularının mətbuatla ünsiyyətinə qadağa qoyulub. Məgər bütün bunlar Tovuzda tamaşa qurulmasına dəlalət etmir? Ramin Musayevin Nizami Sadıqovu müdafiə etməsi ilə deyil ki...

Şübhəli oyunlarla bağlı aşkarlanan son fakt okeanda bir damladır. Azərbaycanda belə razılıqlara gedənlər çoxdur. Razılaşdırılmış “Turan” - “Neftçi” oyunu mətbuatı iki yerə parçaladı. Musayevin yanında kimin gözü kölgəlidirsə, şübhəli oyundan bir kəlmə də yazmadı. Qalanları isə PFL, “Neftçi” və “Turan” rəsmilərini tənqid atəşinə tutdu. Bəziləri bizi qınaya bilər ki, nəyə görə günahı futbolçularda yox, klub və PFL rəsmilərində görürsünüz? Məsələ burasındadır ki, balıq həmişə başdan iylənir. Futbol funksionerlərimiz tamaşanı qurdular, futbolçular isə öz rollarını ifa etdilər. Bu boyda həngamədən sonra PFL, görəsən, “Turan” – “Neftçi” oyununda baş verənləri araşdırmaq üçün 5 nəfərdən Ekspert Komissiyası yaratmaqla, kimin gözündən pərdə asmaq istəyir?
0