“Qarabağ”a uduzdu, antirekordçu oldu
09.12.2009 - 10:29
“Qarabağ”a uduzdu, antirekordçu oldu
İsrailin “Makkabi” klubu UEFA Çempionlar Liqasında yeni antirekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Hayfa təmsilçisi mötəbər turnirin qrup mərhələsində qol vura bilməyən yeganə komanda olub. Debütant qrup mərhələsində xal üzünə də həsrət qalıb. Ancaq bu, ilk belə hal deyil. Əvvəllər, “Fənərbaxça”, “Moskva “Spartak”ı da daxil olmaqla bir sıra klublar ÇL-nin qrup mərhələsini xalsız başa vurublar. “Makkabi”dən fərqli, bu komandalar rəqib qapılarına yol tapmağı bacarmışdılar. Amma israillilər “Makkabi”nin veteran futbolçusu Alon Harazinin vida oyununda da uğursuzluq sindromuna son qoya bilməyiblər. Yeri gəlmişkən, komandada 720 oyun keçirən və Azərbaycan yığmasına da qarşı çıxış etmiş 38 yaşlı futbolçu klubda inzibati işə keçirilib.

Qeyd edək ki, Hayfa “Makkabi”si Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırıb. Belə ki, klublarımızın 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ilk dəfə məhz bu komandanı üstələyərək, mərhələ adlamışıq. Ağdamın “Qarabağ” klubu 1999-cu ilin iyununda İntertoto kubokunun ilk mərhələsində Hayfa təmsilçisini səfərdə Müşfiq Hüseynovun dublu sayəsində yenib (2:1), evdə keçirilən cavab görüşündə isə uduzub (0:1). Komandamız səfərdə daha çox qol vurduğuna görə növbəti mərhələyə adlamışdı.
0