Cənub tilsimi
09.12.2009 - 12:08
Cənub tilsimi
Sabah Unibank Premyer Liqasında XIV tura yekun vuracaq “Olimpik-Şüvəlan” klubu Lənkəranda tilsimlə üzləşir. Apasport.az saytının hesablamalarına görə, “təyyarəçilər” 2005-ci ildən mübarizə apardığı güclülər dəstəsində cənublularla səfər oyunlarında nəinki xal qazanmaqda, hətta qol vurmaqda böyük çətinlik çəkir.

Təsadüfi deyil ki, cari mövsümədək “Olimpik” adı altında çıxış edən komanda ölkə kubokunu da nəzərə alsaq, lənkəranlıların qonağı olduğu 5 görüşdə cəmi 2 qol vurub. Özü də sonuncu qol 2007-ci ilin aprelin 27-də vurulub. Maraq üçün deyək ki, həmin qolun müəllifi hazırda “Bakı”da çıxış edən, milli komandamızın da üzvü olan braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimdir.

Göründüyü kimi, “Olimpik”in “Xəzər-Lənkəran”a vurduğu qoldan artıq 32 ay ötür. İndi bu sindroma komandanın əsas “qol silahı” Anatoli Doroş son qoymalıdır. Hər halda, 25 yaşlı moldovalı hücumçu həm cari çempionatının bombardiridir, həm də ilk dövrədə vurduğu yeganə qolla “Xəzər-Lənkəran”ı məğlub edib. Yeri gəlmişkən, bu, cənub təmsilçisinin cari mövsümdə ilk məğlubiyyəti kimi tarixə düşdü.

“Olimpik-Şüvəlan”ın səfərdə “Xəzər-Lənkəran” üzərində ilk qələbəsini qazanmaq missiyası isə yeni baş məşqçisi Nazim Süleymanovun üzərinə düşür. Hər halda, 44 yaşlı mütəxəssis ilk baş məşqçisi olduğu, 5 il öncə yaratdığı, indi isə rəqibi olduğu komandanı çox yaxşı tanımalıdır. “Təyyarəçilər” Lənkəranda ölkə kuboku da daxil olmaqla, keçirdiyi 5 oyunun 4-də uduzub, yalnız birində heç-heçə edib. Həmin qolsuz bərabərliyi isə “Olimpik” üçün məğlubiyyətə bərabər nəticə saysaq, yanılmarıq.

Məsələ ondadır ki, paytaxt klubu həmin mövsümdə (2007/08) tarixində ilk çempionluğa çox yaxın idi və Lənkəranda qazanılacaq qələbə ilə sona bir tur qalmış qızıl medalları özü üçün təmin edəcəkdi. Ancaq son iki görüşündə qələbə üzünə həsrət qalan “Olimpik”ə Lənkəranda vurulan badalaq ona çempionluq bahasına başa gəldi.

Hərçənd həmin vaxt mükafatlardan əlini üzən “Xəzər-Lənkəran” rəqibinə borcunu qaytarmalı idi. Axı bir il əvvəl “Olimpik”in son bir tura qalmış evdə “Neftçi” üzərində əzmkar qələbəsi (2:1) olmasaydı, “Xəzər-Lənkəran” ilk çempionluğuna qovuşmayacaqdı. Ancaq “təyyarəçilər” etdikləri badalaqdan sonradan fayda görmədilər və “özgəsinə quyu qazan, özü düşər” məsələsinin acısını çəkdilər.

“Xəzər-Lənkəran” isə “Olimpik”in çempionluğu son anda əldən verdiyi həmin mövsümü titulla – ardıcıl ikinci il ölkə kubokunu qazanmaqla qeyd etdi. Həmin vaxt finala gedən yolda “Olimpik” problem yaradırdı ki, ilk oyunda qələbə qazanan komanda səfərdə daha çox əvəzedici futbolçuları oynatmaqla, “Xəzər-Lənkəran”a münasib nəticə ilə mərhələ adlamağa imkan yaratdı.

“Olimpik”in “qapazaltısı” olduğu “Xəzər-Lənkəran”la oyunlar arasında tarixi görüşlər olub. Belə ki, komanda güclülər dəstəsində ilk oyununu 2005-ci ilin avqustun 12-də məhz lənkəranlılara qarşı keçirərək, debütün məğlubiyyətlə qeyd edib. “Olimpik” Lənkəranda yeganə qol vurduğu oyundan sonra çempionatımızda düz bir il uduzmadı. Yeri gəlmişkən, bu uzun seriya davam edən zamanı “təyyarəçilər” yeganə məğlubiyyətini ölkə kubokunda məhz “Xəzər-Lənkəran”dan onun meydanında aldı.
Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Olimpik-Şüvəlan” oyunu sabah saat 16:00-da başlayacaq.

“Olimpik-Şüvəlan”la “Xəzər-Lənkəran” arasında keçirilən oyunlar

2005/06 mövsümü

“Olimpik” – “Xəzər-Lənkəran” – 0:2
“Xəzər-Lənkəran” – “Olimpik” – 1:0

2006/07 mövsümü
“Olimpik” – “Xəzər-Lənkəran” – 1:2
“Xəzər-Lənkəran” – “Olimpik” – 3:2

2007/08 mövsümü
“Olimpik” – “Xəzər-Lənkəran” – 0:0
“Xəzər-Lənkəran” – “Olimpik” – 0:0

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Olimpik” – “Xəzər-Lənkəran” – 1:0
“Xəzər-Lənkəran” – “Olimpik” – 2:0

2008/09 mövsümü
“Olimpik” – “Xəzər-Lənkəran” – 0:1
“Xəzər-Lənkəran” – “Olimpik” – 0:0

2009/10 mövsümü
“Olimpik-Şüvəlan” – “Xəzər-Lənkəran” – 1:0