Yığmamızın oyununa 1 manat 30 qəpiyə bilet
09.12.2009 - 12:42
Yığmamızın oyununa 1 manat 30 qəpiyə bilet
2010-cu ilin yanvarında Macarıstanda keçiriləcək futzal üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da ilk dəfə iştirak edəcəyi bu mötəbər yarışın biletləri hələlik İnternet vasitəsilə satılır.

Çempionatın açılış oyunu yanvarın 19-da Budapeştin “Papp Laslo” İdman Sarayında meydan sahibləri ilə yığmamız arasında olacaq. Bakı vaxtı ilə saat 20:30-da başlanacaq matç üçün müxtəlif qiymətlərə biletlər var. Ən ucuz biletin qiyməti 300 macar forinti (təxminən 1 manat 30 qəpik) təşkil edir. Bundan başqa, 900 (3,9 manat) və 1800 forintə (7,8 manat) də biletlər var. Oyunu mərkəzi sektorda izləmək istəyənlər isə 2700 forint, başqa sözlə 11 manat 70 qəpik xərcləməlidirlər.

Milli komandamızın A qrupunda Çexiya yığmasına qarşı keçirəcəyi ikinci, sonuncu görüşdə də biletlər eyni qiymətə olacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq. İnternet vasitəsilə biletlərin satışına dekabrın 24-də yekun vurulacaq. Bundan sonra biletləri kassalardan əldə etmək mümkün olacaq. Avropa çempionatının qalibi yanvarın 30-də bilinəcək.