“Qəbələ” rəhbərliyi iki legioneri cəzalandırdı
09.12.2009 - 16:53
“Qəbələ” rəhbərliyi iki legioneri cəzalandırdı
“Qəbələ” rəhbərliyi klubun iki legionerini cəzalandırıb. Komandanın baş məşqçisi Ramiz Məmmədov apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin cəzalandırdığı latviyalı qapıçı Pavel Doroşevlə polşalı hücumçu Tomaş Stolpa haqda sərt ölçü götürdüklərini bildirib.

Stolpa “Qarabağ”la oyunda iki sarı, ardından qırmızı vərəqə alsa da, Doroşev belə aqibətlə üzləşməyib. Bununla belə, Pavelin cəzası Tomaşdan ikiqat ağır olub. Məsələ burasındadır ki, AFFA-nın müvafiq qurumunun üzvləri “Qarabağ” – “Qəbələ” oyununun videoyazısına baxdıqdan sonra latviyalını rəqibini vurduğu üçün 2 oyunluq cəzalandırıb və 2000 manat cərimələyib.

Məmmədovun sözlərinə görə, Doroşev cəriməni özü verəcək: “Bizim klubun öz daxili qayda-qanunları var. Legionerlərimizin cəzası cərimədən ibarətdir. Onlar AFFA-nın klubumuza kəsdiyi cəriməni ödəyəcəklər. Hələ bəlkə bundan da artıq məbləğdə cərimələndilər. Ancaq bunu konkret demək istəmirəm. Bu, klubun daxili işi olduğu açıqlamağa lüzum yoxdur. Hər halda, “Qəbələ”ni pis vəziyyətdə qoyan futbolçular cəzasını alacaq. Pavel öz səhvini başa düşüb, hərəkətinə görə peşmandır. O, həmin epizodda rəqiblə təmasda olsa da, nalayiq hərəkət etmədi, söz işlətmədi. Bununla belə, o, əsəblərini cilovlamalı idi”.

Qeyd edək ki, AFFA bir oyunluq cəzalandırdığı Stolpaya görə “Qəbələ”ni 200 manat cərimələyib.