Bakıda qol vuran futbolçunun adına qəsəbə
10.12.2009 - 12:02
Bakıda qol vuran futbolçunun adına qəsəbə
Rusiya milli komandasının futbolçusu Andrey Arşavinin adına qəsəbə salınacaq. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq ətrafında yeni inşa olunacaq qəsəbəyə “Zenit”in sabiq futbolçusunun adı veriləcək. Arşavin qəsəbəsi şəhərdən 90 km aralıda, Otradnoe gölü yaxınlığında olacaq.

Burada hər biri 1 hektar əraziyə malik 20-30 mülk olacaq. Layihəyə əsasən, mülkün sahiblərinin əlavə infrastrukturlar tikmələrinə qadağa qoyulmayacaq. Qəsəbədə vertolyotların enməsi üçün meydan da olacaq. Layihənin rəhbəri olan inşaat şirkətinin sahibi Aleksandr Rusakov qəsəbəyə bu adın seçilməsini belə izah edib: “Qəsəbəni sevimli futbolçum Andrey Arşavinin şərəfinə adlandırmaq qərarına gəldim. Bundan başqa vətən qarşısındakı xidmətlərinə görə, buradakı mülklərin birini ona hədiyyə edəcəyik”.

Mütəxəssislər Otradnoye gölü yaxınlığındakı ərazilərdə bir hektar sahənin qiymətinin 500-700 min dollar civarındadır. Bu isə inşa olunacaq mülklərinin 1 milyon dollardan baha satılacağını deməyə əsas verir.

Qeyd edək ki, hazırda İngiltərə “Arsenal”ının şərəfini qoruyan Arşavin Rusiya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı iki dəfə oynayıb. O, oktyabrın 14-də keçirilən görüşdə rusların yeganə qoluna imza atıb (1:1).