Tovuz tamaşası: olmuşlar və gerçəklər
11.12.2009 - 13:53
Tovuz tamaşası: olmuşlar və gerçəklər
"Turan" - "Neftçi" oyununun iştirakçıları (əstəğfürullah, izləyiciləri) sırasında mən də vardım. "Futbol+"in reportyoru kimi matçı işıqlandırmaq üçün Tovuza ezam olunmuşdum. Yeri gəlmişkən, mən stadionda görüşə (əstəğfürullah, tamaşaya) baxan iki jurnalistdən biri idim. Düşüncələrim məni aldada bilər, ancaq gözlərim yox. Stadiondakı, eləcə də matça baxmayıb fikirlərini oxucularla bölüşən həmkarlarımın oyun haqda nə yazdıqları mənim üçün fərq etmir. Çünki mən gördüyümü gördüm, yazdığımı yazdım. "Turan"ın bakılılarla oyununu ənənəmə zidd olaraq şərəf tribunasında (əstəğfürullah, ora daha xəyanət tribunasıdı - yerli azarkeşlər belə deyir), media əhli üçün nəzərdə tutulan əlverişsiz otaqda yox, mərkəzi sektorda - sadə azarkeşlərin arasından izlədim. İlk yarı olduqca nəşəli keçdi. Cavid Tağıyevin şousunu deyirəm. 200-300 manat qazanan 17 yaşlı gənc meydanda çəkisi və dəyəri özündən dəfələrlə artıq olan rəqib oyunçularını yıxıb-sürüdü. Məhsuldar ötürmə verən, üstəlik qol vuran futbolçudan ikinci yarıda daha artığı gözlənilirdi. Amma imkan vermədilər. Çirkin danışıqlar Cavidin əl-qolunu bağladı. Futbolda ilk addımlarını atan yeniyetməni oynamağa yox, biabırçılığa təhrik etmək ən azı futbolumuzun gələcəyinə yönəlmiş düşmənçilikdi.

Tağıyev söhbətinə burda son qoyub digər mətləblərə keçmək istəyirəm. İkinci hissə yenicə başlayıb. Hesabın doğurduğu gərginlikdən dolayı "Turan"ın geri çəkilməsi, "Neftçi"nin irəli atılması anlaşılandı. Amma... 2-3 dəqiqə keçmədi ki, oyunun (əstəğfürullah, ləyaqətin) verildiyi bilindi. Düzdü, yerli azarkeşlər bunu bir qədər sonra başa düşdü və dərhal etirazlara başladılar. Əslində, burda hər hansı təxribatçılıq elementləri yoxdu. Çünki Tovuzda uşaqdan tutmuş ağsaqqala kimi hamı futbolu gözəl anlayır və təhlil edə bilir. Kimin və ya kimlərinsə ortanı qızışdırmasına ehtiyac hiss olunmur. Fasilədə qürurun, qeyrətin, namusun satıldığını yəqin edən azarkeşlər məgər susmalıydı? Meydandakılar onları sərgilədikləri futbolla söyür, təhqir edir, aşağılayırdı. Bəs bunun cavabı olmamalıydı? Təbii ki, olmalıydı. Tovuzlular "peysərə verməyə" öyrəşməyib. Yenidən ikinci hissənin əvvəlinə qayıtmaq istəyirəm. İlk yarıda dağınıq oturan azarkeşlər birləşmək və doğma komandalarını daha gözəl dəstəkləmək üçün sıxlaşırlar. Hamı "Turan"ın "qan eləyəcəyini" gözləyir. Ancaq oyun başlayan kimi satıldıqlarını anlayırlar. Bir qara qəpiyə də yox, sözə, xahişə.

Heç kimin tovuzlu fanatları suçlamağa haqqı yoxdu. Son günlər ölkə futbolunda sözü keçənlərin müsahibəsindən belə anlaşılır ki, Tovuzda günahkar elə azarkeşlərmiş, başqa heç kim. Bu yerdə ürəyimdən söyüş işlətmək keçir. Lənət sənə kor şeytana! Axı vicdan, insaf yaxşı şeydi. Niyə günah sadə azarkeşlərin üzərinə atılmalıdı? Bunda maraq nədi? Niyə camaatı futboldan küsdürmək istəyirlər?

Klub rəhbərləri özləri həmin gün "Turan"ı, ona ürək verənləri, bütövlükdə isə Tovuzu vurub sındırdılar, camaatın qüruru ilə oynadılar. Buna görə kim cavab verəcək? Kim təminat verə bilər ki, bu gün qüruru, vicdanı satanlar sabah müharibə başlasa, Tovuzu satmayacaqlar. Axı ən qədim peşə sahiblərinə aid məsəldə deyildiyi kimi, yalnız birinci dəfə çətin olur. İndi günahkar azarkeşlərdi? Əsla yox. Bir daha oyunda başverənlərə qayıtmaq istəyirəm. "Neftçi" hesab arasındakı fərqi azaldır. Artıq hər şey bəllidi. Buna kimi VİP-də oturan klub rəhbərliyini və məşqçiləri istefaya səsləyən fanatlar dayanmadan "oynamayan ...dü", - deyə qışqırmağa başlayır. AFFA-dan gələn və oyuna nəzarət edən rəsmi qonaqlardan acı gülüş qopur. İzdihamdan çəkinən "Turan"lı futbolçular aranı sakitləşdirmək üçün irəli atılır. Ancaq ssenari dəyişmir. "Neftçi" 2-ci qolu vurub hesabı bərabərləşdirir. Azarkeşlər kütləvi halda oturacaqları qırmaqla etiraz edir. Meydana oyunun dayanması üçün ard-arda iki top atılır. Hakim buna fikir vermir. O da anlayır ki, oyun qısa müddətə dayansa belə, aləm qarışacaq. "Neftçi" 3-cü qolu vurur. Gözü qızmış, məğlubiyyətdən yox, satqınlıqdan hiddətlənmiş fanatlar məşqçiləri, klub rəhbərliyini və futbolçuları söyür. Yerindən aşağı enən azarkeş ordusu meydanın çıxış yoluna və bazanın önünə toplaşır. Yenə təhqiramiz ifadələr, yenə ağır söyüşlər...

"Turan"lılar boynubükük şəkildə tunelə girir. Tovuz klubunun düşərgəsində gərginlik var. Futbolçuların əsəbləri tarıma çəkilib, otaqlardan mübahisə səsləri eşidilir. Oyunçular bir-birini ittiham edir. Sual verirəm: futbolçu üçün azarkeşdən "oynamayan ...dü" kəlməsini eşitmək nə deməkdi? Bu satqınlar üçün ən ağır təhqir deyil, bəs nədi? Bu gün həm "Neftçi"nin, həm də "Turan"ın düşərgəsindən qırmızı-qırmızı satqınlıqdan yox, təmizlikdən dəm vururlar. Əliniz danışığa bulaşıb, xeyri yoxdu. Heç kim məni əksinə inandıra bilməz.

Oyun bitincə mətbuat konfransında Vaqif Sadıqov müəyyən şeyləri gizlətməyi bacarsa da, insani keyfiyyətlərinə rəğbət bəslədiyim Sakit Alıyevdə bu alınmadı. "Məğlubiyyətin hesabını yiyəsi verəcək" söyləyən Alıyev dolayısı ilə hər şeyə aydınlıq gətirdi. Eşitdiyimə görə, Sakit bəyin bu kəlməsi klub rəhbərliyinin xoşuna gəlməyib.

Mətbuat konfransından çıxıb futbolçulara yaxınlaşıram. Kruqlovun "bizi təbrik etmək lazım deyil" deməsi, Rail Məlikovun danışmağa söz tapa bilməməsi sübut deyil, bəs nədi? Bu gün stadion rəhbərliyi 1000-dən artıq kreslonun qırıldığını deməklə azarkeşlərə böhtan atır. Gözünüzün içinə qədər yalan deyirsiz. Tribunanı ən gec tərk edənlər sırasında mən də olmuşam. Gözəyarı saydım: sındırılmış oturacaqların sayı 100-dən azca artıq olardı.

...Bir sözlə, "Turan"ın 3 xalı "Neftçi"yə verməsi dəqiqliyi ilə fasilədə həll olunub. Çünki hələ oyundan əvvəl "Turan"ın güzəştə gedəcəyi heyətə baxarkən bəlli idi. Tovuzlu məşqçilər Cavid Tağıyevi və bəzi ehtiyat oyunçuları meydana buraxmaqla bakılılara kömək etmək istəyib. Ancaq bunun əksi baş verib. Qısa istirahətdə "Neftçi"nin qələbə qazanacağı dəqiqləşəndən sonra bunu özünə sığışdırmayan Tahir Süleymanov isə yerli azarkeşlərlə münasibəti pozmaq istəməyərək 2-ci hissəni izləməkdən vaz keçib. Bu gün sövdələşmə əməliyyatında Nizami Sadıqovun da adı çox hallanır. Çünki rəhbərliyin tələbini futbolçuların diqqətinə o çatdırıb. "Neftçi"ylə oyuna kimi heç vaxt tovuzlu azarkeşlər tərəfindən söyülmədiyini bildirən Sadıqov adını təmiz saxlayıb barmağını qırmaq istəmirdisə, fasilədəcə istefa verib evə gedə bilərdi. Bu, Azərbaycan futbolunda əsl qəhrəmanlıq nümunəsi olacaqdı. Amma...

Azad, Futbol+ qəzeti