Əkbər Hacıyev “Lokomotiv” klubunun futbolçusu ilə danışıqlara gedib
11.12.2009 - 15:11
Əkbər Hacıyev “Lokomotiv” klubunun futbolçusu ilə danışıqlara gedib
Bakının “Neftçi” klubu tanınmış qazax futbolçu Kayrat Aşurbəyovu transfer etmək istəyir. Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən yaydığı məlumata görə, paytaxt təmsilçisinin prezidenti Əkbər Hacıyev “Lokomotiv” klubunun təcrübəli yarımmüdafiəçisi ilə danışıqlar aparmaq üçün Astanaya səfər edib.

“Lokomotiv”də tanınmış rus futbolçular Andrey Tixonov və Yeqor Titovla komanda yoldaşı olan Kayrat yalnız ikinci dövrədə çıxış etdiyi üçün tam mövsüm keçirməyib. Bunun nəticəsidir ki, Aşurbəyov ötən mövsüm 11 oyunda 2 qol vurub. Çimkənd futbol məktəbinin yetirməsi olan orta sahə oyunçusunun Astana təmsilçisi ilə müqaviləsi bu ayın 31-də bitəcək.

Aşurbəyov “Neftçi”nin onunla maraqlandığı təsdiqləyib: “Azərbaycan tərəfdən mənə maraq olub. Ancaq indiki klubumla müqaviləm qüvvədə olduğundan, mən tərəfdən bu haqda nəsə demək düzgün olmazdı. Heç kimə söz verməmişəm. Komandamızda baş məşqçi məsələsi hələ müəyyənləşməyib. Bilinmir ki, yeni çalışdırıcıya lazım olacağam, ya yox. Əlbəttə, çempionatda az oynamağım pisdir. Ancaq digər tərəfdən, belə güclü komandada oynadığıma görə təsəlli tapıram. Andrey Tixonov, Yeqor Titov kimi usta futbolçularla birgə məşq etmək mənə xoş idi. Hazırda qış tətilimi doğma Çimkənddə ailəmlə birgə keçirirəm”.

Qeyd edək ki, Kayratın “Lokomotiv”da baş məşqçisi ötənlərin tanınmış rusiyalı futbolçusu Sergey Yuran olub.