AFFA Mario Souzanın cəzasını verdi
11.12.2009 - 16:56
AFFA Mario Souzanın cəzasını verdi
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, komitə üzvləri Unibank Premyer Liqasının XIV turu və birinci divizionun təxirə salınmış oyununda baş verənləri müzakirə ediblər.

"Simurq" – "Standard" oyununda qonaqlar, "Bakı" – "İnter" görüşündə isə meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəyə 1000 manat cərimə olunub. "Xəzər Lənkəran" – "Olimpik-Şüvəlan" matçında isə hər iki klub cəzalanıb. Qonaqlar 5 futbolçusu sarı vərəqə aldığı üçün 1000, lənkəranlılar isə meydandan qovulan Mario Souzaya görə 2000 manat ziyana düşüb. Braziliyalı futbolçunun özü də 2 oyunluq cəzaya layiq görülüb. Qırmızı vərəqə alan digər futbolçu – “Qəbələ”nin yarımmüdafiəçisi Namiq Əliyevin cəzası nisbətən yüngül olub. “Neftçi” ilə qarşılaşmada ikinci sarı vərəqəyə görə meydandan qovulan futbolçu 1 matçlıq kənarlaşdırılıb və klubunu 200 manat xərcə salıb.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun "Qarabağ" – "Muğan" oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 500 manat cərimə olunub. I divizionunun IX turunun təxirə salınmış "Anşad Petrol" – "Gəncə" oyununda da meydan sahibləri cəzalanıb. Neftçala təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün 100 manat ödəməli olacaq.