Kamaranın ayağı yüngül olacaqmı?
11.12.2009 - 18:27
Kamaranın ayağı yüngül olacaqmı?
Bakının “Olimpik-Şüvəlan” klubunun qvineyalı futbolçusu Abdulkadir Kamara “Xəzər-Lənkəran”ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 5 illik tarixi olan Lənkəran klubu ilə görüşlərdə avtoqol edən 3-cü futbolçu olub. Kamara səfər oyununun 63-cü dəqiqəsində topu öz qapısına vurmaqla, meydan sahiblərinə qələbə qazandırıb - 2:1.

İndiyədək “Xəzər-Lənkəran”a cəmi iki rəqib futbolçu - Anar Məmmədəliyev (2006-cı ildə “Bakılı” ilə 3:0) və gürcü Vaja Lomaşvili (2008-ci ildə “Masallı” ilə 4:1) qol sevinci yaşatmışdı. Yeri gəlmişkən, “Olimpik-Şüvəlan”la Premyer Liqa görüşündə olduğu kimi, “Bakılı” ilə kubok oyununun baş hakimi də Əfqan Həmzəyev olub.

Maraqlıdır ki, “Xəzər-Lənkəran” avtoqola sevindiyi mövsümləri iki titulla bitirib. Cənub təmsilçisi Məmmədəliyevin fərqləndiyi 2006/07 mövsümündə həm Azərbaycan çempionluğunu, həm də ölkə kubokunun qazanmaqla, “qızıl dubl”a imza atıb. Lənkəranlılar Lomaşvilinin avtoqola imza atdığı növbəti mövsümdə (2007/08) isə Azərbaycan kuboku və “Birlik Kuboku”na sahib çıxıblar. Göründüyü kimi, avtoqollar “Xəzər-Lənkəran”a iki titulu birdən qazandırır və Kamaranın ayağı düşərli olarsa, bu, uğurlu ənənə cari mövsümdə də davam edəcək.