Azərbaycan klubları Antalyadan üz çevirir?
12.12.2009 - 11:08
Azərbaycan klubları Antalyadan üz çevirir?
Dünyada yaşanan maliyyə böhranı klubların qış hazırlıqlarına da təsir göstərəcək. Apasport.az saytının məlumatına görə, planetin yüzlərlə komandasının qış toplanışını keçirmək üçün üz tutduğu Türkiyənin Antalya şəhərinə yollanacaq klubların siyahısında dəyişikliklər olacaq.

Əcnəbi klubların Antalyaya gəlişini təşkil edən şirkətlər arasında lider sayılan “SB Sport”un sahibi Sancar Bıçakçı fikirlərini bölüşüb. O, maliyyə böhranının bir sıra ölkələrə təsir göstərdiyini söyləyib: “Ötən il təxminən 1000 klub Antalyada hazırlıq keçmişdi. Elə bu il də 1000-ə yaxın komandanın toplanışı burada keçirəcəyini gözləyirik. Rusiyada çempionat həmişəkindən tez başlayacaq. Həm də maliyyə böhranı rus klublarına təsir edib. Bu səbəbdən həmin ölkədən gələn komandaların sayında azalma olacaq. Koreya, Çin, Azərbaycan, Özbəkistan və Ukraynadan da gözlədiyimizdən az sayda komanda qəbul edəcəyik. Əvəzində Almaniya, Avstriya, Çexiya, Serbiya, Slovakiya, Hollandiya və Belçika təmsilçiləri Antalyaya daha çox gələcək”.