“Komandamdan çox şey tələb edə bilməzdim”
13.12.2009 - 17:03
“Komandamdan çox şey tələb edə bilməzdim”
Unibank Premyer Liqasının XV turunda "Qəbələ" Yevlaxın "Karvan" klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, ilk dövrədə rəqibinə 1:4 hesabı ilə məğlub olan Qəbələ təmsilçisi doğma meydanda minimal hesablı qələbə qazanaraq, Yevlaxdakı məğlubiyyətin əvəzini çıxdı. Oyun sonrası keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ramiz Məmmədov komandasının oyunundan razı qaldığını söyləyib.

Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "İlk hissədə gözəl oyun nümayiş etdirdik, qol vurduq. Bugünkü oyunda komandamdan çox şey tələb edə bilməzdim. "Neftçi" ilə oyundan sonra futbolçularımız çox yorulmuşdu. Bizdən fərqli olaraq, "Karvan" daha çox istirahət etmişdi. Hakimlikdən narazı qalmadım. Qələbəyə görə futbolçularıma minnətdaram."

“Karvan”ın baş məşqçisi Yunis Hüseynov isə birinci hissədə göstərilən oyundan razı qalmayıb: “Amma ikinci hissədə oynanılan oyunu bütün qarşılaşmalarda ortaya qoya bilsəydik, indi axırıncı yerdə olmazdıq. Komandamıza baxışa gələn futbolçuları da özümüzlə gətirmişik. Onlar haqqında son qərar yaxın günlərdə veriləcək".
0