... “Neftçi” ancaq şübhəli matçda qələbə qazanır
13.12.2009 - 17:57
... “Neftçi” ancaq şübhəli matçda qələbə qazanır
Rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsində oynamaqdan dəm vuran “Neftçi” yenə xal itirdi. Paytaxt təmsilçisi Salyanda “Muğan”la görüşdə 11 metrlik zərbə ilə hesabı açan tərəf olsa da, sonda məğlubiyyətdən güclə qurtardı. Özü də bakılılar meydan sahibləri 10 nəfərlə qaldıqdan sonra Marian Aliutanın dəqiq zərbəsi sayəsində bərabərlik topunu vura biliblər.

XIII turda Tovuzda “Turan”la danışılmış oyunda 3:2 hesablı qələbə qazanan “Neftçi” növbəti həftə öz meydanında “Qəbələ” ilə bacarmadı – 1:1. İndi isə Vaqif Sadıqovun komandası heç bir iddiası olmayan Salyan təmsilçisi ilə qarşılaşmada zorla bir xal qazandı. Hər halda, buna da şükür...

Görəsən, “Neftçi” başbilənləri indi nə fikirləşir? Bəlkə matçın fasiləsində mətbuat yenə də hansısa “dezinformasiya” yayıb, bu dəfə Salyanda “təxribat” törətmək istəyib? Və ya, görəsən, hesabda geri düşdükdən sonra komandanın vitse-prezidenti Tahir Süleymanov əsəbiləşərək Salyanı tərk etməyib ki?

Maliyyə imkanlarına görə ölkənin aparıcı klublarından olan “Neftçi” hələ də gözlənilənləri vermir. Bu gedişlə, “xalq komandası” nəinki Çempionlar Liqasının qrup mərhələsində, heç Avropa Liqasında oynaya bilməyəcək. Axı bütün rəqiblər “Turan” kimi səxavətli olub, ikinci hissədə öz qapısından 3 top buraxmayacaq ki?

Son 4 oyununa diqqət yetirsək, “Neftçi”nin 1 qələbə qazandığı üzə çıxır. Komanda “Olimpik-Şüvəlan”, “Qəbələ” ilə evdə, “Muğan”la səfərdə heç-heçə oynayıb, “Turan”ı isə Tovuzda məğlub edib... Bu 4 oyuna əsasən demək olar ki, artıq flaqman adını itirməkdə olan “Neftçi” yalnız şübhəli oyunda qələbə qazanır...

Yaxşı olardı ki, “Neftçi” rəhbərliyi və futbolçuları bütün günü mətbuatda təkzib dolu açıqlamalar verməkdənsə, problemlərini həll etsinlər!
0