Rayan Giqqz Böyük Britaniyada ilin şəxsiyyəti seçildi
14.12.2009 - 11:14
Rayan Giqqz Böyük Britaniyada ilin şəxsiyyəti seçildi
“Mançester Yunayted” klubunun kapitanı Rayan Giqqz Böyük Britaniyada ilin şəxsiyyəti seçilib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı uelsli yarımmüdafiəçi BBC-nin keçirdiyi sorğunun qalibi olub.

Telefonla istənilən şəxsin iştirak edə bildiyi səsvermə dünən axşam saatlarında keçirilib. Giqqzin lehinə 151842 nəfər səs verib ki, bu da respondentlərin 29,4 faizi deməkdir. O, sorğuda “Formula-1”in pilotu Censon Battonu və yeddi növçülükdə yarışan Cessika Ennisi qabaqlayıb.

Rayan ənənəvi sorğuda 2001-ci ildən bu yana əsas mükafatı alan ilk futbolçu olub. Sonuncu dəfə həmin vaxt ilin şəxsiyyəti “Mançester Yunayted”in futbolçusu Devid Bekhem seçilmişdi. Onlarla yanaşı, bu mükafata sahib çıxan futbolçular Maykl Ouen, Pol Qaskoyn və Bobbi Mur olub. Dünyanın ən sürətli idmançısı yamaykalı atlet Useyn Bolt BBC-nin sorğusunda əcnəbilər arasında ilin şəxsiyyəti, İngiltərə milli komandasının italyan çalışdırıcısı Fabio Kapello isə ən yaxşı məşqçisi seçilib.
0