“Bakı” “Simurq”a Qadınlar bayramını xatırlatdı
14.12.2009 - 11:44
“Bakı” “Simurq”a Qadınlar bayramını xatırlatdı
“Bakı” Unibank Premyer Liqasını XV turunda “Simurq” klubunun uğurlu seriyasına son qoydu. Apasport.az saytının hesablamalarına görə, Zaqatala təmsilçisi cari mövsümdə evdə ilk məğlubiyyətini son ölkə çempionundan aldı. Adətən öz meydanında yaxşı çıxış edən əyalət komandası hesabat turunda bakılılara 1:2 hesabı ilə uduzdu. Bununla da “Bakı” həm tarixində ilk dəfə “Simurq”u səfərdə yendi, həm də rəqibin 280 günlük seriyasını qırdı. Zaqatalalılar buna qədər axırıncı dəfə evdə ötən Premyer Liqanın XVII turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzmuşdu. Həmin oyun martın 8-ə, yəni Beynəlxalq Qadınlar gününə təsadüf etmişdi.

“Simurq”la “Bakı” arasında cari çempionatdakı oyunlar eyni ssenari ilə keçdi. Komandalar bir-birlərini səfərdə eyni hesabla məğlub etdi. Yeri gəlmişkən, “Bakı” cari mövsümdə ilk görüşünü məhz “Simurq”la keçirdi. Komandaların mövsümlərarası fasilədə transfer etdiyi əcnəbi yarımmüdafiəçilər hər iki oyunda qolçuluq bacarığını nümayiş etdirdi. “Bakı”nın xorvat futbolçusu Aleksandr Şoliç evdə komandasının yeganə, səfərdə qələbə topunun müəllifi oldu.

Eyni sözləri “Simurq”un ukraynalı orta sahə oyunçusu Ruslan Qunçak haqda demək olar. Digər maraqlı fakt odur ki, Soliç hər iki görüşdə eyni vaxtda, yəni 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. Ümumiyyətlə, “Bakı”nın cari mövsümdə səfərdə uğurlu çıxışı diqqət çəkir. Təsadüfi deyil ki, “zolaqlılar” hesabında olan 26 xaldan 19-u rəqib meydanında qazanıb. Özü də “Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Korkmaz əyalətdə bir qayda olaraq qalib gəlir.

Qeyd edək ki, “Simurq”un bu nəticəsindən sonra cari mövsümdə evdə məğlubedilməz üç komanda qaldı. Bunlar turnir cədvəlində ilk “üçlükdə qərarlaşan “Qarabağ”, “İnter” və “Xəzər-Lənkəran”dır.
0