Yığmamızın futbolçuları cəzaçəkmə müəssisəsində - FOTOSESSİYA
14.12.2009 - 16:57
Yığmamızın futbolçuları cəzaçəkmə müəssisəsində - FOTOSESSİYA
Bu gün AFFA-nın rəhbərliyi və Azərbaycan yığmasının üzvləri – Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışov “Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi”ndə olublar. Apasport.az-ın assosiasiyanın rəsmi internet saytına istinadən məlumatına görə, qonaqlar 2007 və 2008-ci ildə bu cəzaçəkmə müəssisəsinə baş çəkən qurum nümayəndələrinin uşaqlarla görüşünü əks etdirən fotostendə baxıblar.

AFFA rəhbərliyi və futbolçuların onlara 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar. Tədbirdə ilk olaraq cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib. O, bu tədbirin ənənə halını almasının təqdirəlayiq olduğunu bildirib.

Assosiasiyanın baş katibi Elxan Məmmədov buradakı uşaqları qarşıdakı bayramlar münasibətilə təbrik edərək məhbusların hamısının tezliklə azadlığa qovuşmasını arzulayıb. Millinin üzvləri məhbus uşaqların suallarını cavablandırıblar. Çıxışlar başa çatdıqdan sonra AFFA tərəfindən məhbus uşaqlara futbol geyim dəstləri və toplar hədiyyə olunub.

Fotolar AFFA-nın rəsmi saytından götürülüb.