“Bakı” daha bir futbolçu ilə vidalaşdı
14.12.2009 - 18:13
“Bakı” daha bir futbolçu ilə vidalaşdı
“Bakı” klubunda islahatlar davam edir. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, rumıniyalı yarımmüdafiəçi Kristian Muskalu heyətdən kənarlaşdırılıb.

Məmmədov bildirib ki, bir müddət öncə əvəzedici komandaya göndərilən Muskalu artıq vətəninə dönüb. “Bakı” yayda transfer etdiyi, ancaq həmin vaxt zədə üzündən avrokuboklarda xidmətindən istifadə etmədiyi 20 yaşlı sol cinah yarımmüdafiəçisi ilə müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib. Böyük ümidlərlə transfer edilən Kristian etimadı doğrultmadı və ölkə kubokunu da nəzərə alsaq, cəmi iki oyunda (74 dəqiqə) meydanda olub. Moldovalı müdafiəçi Aleksey Savinovla məşqdə insidenti olan Muskalunun klubun formasına qarşı münasibəti baş məşqçi Bülənt Korkmazın onu komandadan qovması ilə nəticələnib.

Vitse-prezidentin sözlərinə görə, mövsümlərarası fasilədə heyətə cəlb etdikləri serb müdafiəçi Stevan Bateslə xorvat yarımmüdafiəçi Aleksandr Şoliçlə vidalaşmaq fikrində deyillər: “Cari mövsümdə bir sıra vacib qollara imza atan Şoliç ən sərrast oyunçularımızdandır. Bates isə indi yox, hələ yayda getmək istədiyini demişdi. Bilirsiniz, Fransada oynamış futbolçudur. Bura gəlib, “Ədliyyə” stadionunda məşq edəndən sonra istər-istəməz başqa fikir formalaşır. Bateslə həmin vaxt söhbətimizdə məsələni qış fasiləsinə kimi təxirə saxladıq. Bu səbəbdən hələ ki getməklə bağlı bir söhbət olmayıb. Qış fasiləsində məsələyə yenidən qayıdıb, onları saxlamağa çalışacağıq. Ola bilər ki, həmin vaxt fikirlərindən daşındılar”.

Qeyd edək ki, Bülənt Korkmazın baş məşqçi postuna gəlişindən sonra “Bakı” 5 futbolçu ilə vidalaşıb. Türkiyəli mütəxəssisin əvvəl kənarlaşdırdığı 4 legionerdən – argentinalı Fernando Peresdən fərqli, braziliyalılar – Rafael Barboza ilə Feliks Felipe Almeyda və rumıniyalı Daniel Oprita bu yay transfer edilmişdi.