Zeynal Məmmədov: “Qəbələ” orda olsa yaxşıdır
15.12.2009 - 00:03
 Zeynal Məmmədov: “Qəbələ” orda olsa yaxşıdır
“Uğurlu çıxışımız hələ “Xəzər-Lənkəran”la görüşdən başlayıb. Bu komanda ilə səfər oyununda çox yaxşı təsir bağışladıq və qalib gəlməli idik. Ancaq təəssüf ki, yalnız bir xalla kifayətləndik. Lənkəranlılara evdə böyük hesablı məğlubiyyət də bizi sarsıtmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

“Xəzər-Lənkəran”a öz meydanında 0:3 hesablı məğlubiyyətdən sonra ardıcıl üç oyundur qələbə seriyasını davam etdirən son ölkə çempionunun axır iki nəticəsi xüsusilə əhəmiyyətlidir. Axı “İnter”lə (2:0) “Simurq” (2:1) “Bakı”nın “altılıq” uğrunda mübarizədə əsas rəqiblərindəndir.

“Zolaqlılar” Zaqataladakı qələbədən sonra turnir cədvəlində daha iki pillə irəliləyərək, 4-cü yerə yüksəlsə də, Məmmədov arxayınlaşmağa əsas görmür: “Düzdür, indi bir qədər rahat nəfəs ala bilərik. Ancaq qarşıda vacib oyunlarımız var. Bu il hələ “Qarabağ”la səfər görüşünə də çıxacağıq. Onu da uğurla keçsək, daha rahatlaşarıq. Türkiyəli baş məşqçimiz Bülənt Korkmazın işinin nəticəsi görünməkdədir. O, üç aya yaxındır işlədiyi müddətdə öz taktikasını qura, daha yaxından tanıdığı futbolçuları buna uyğunlaşdıra bilib. Bilirsiniz, əslində, heyətimizdə yaxşı futbolçular var. Sadəcə, onlarda əvvəl qələbə əzmi hiss olunmurdu. Bu, qalib ruhu son 5-6 oyunumuzda qayıdıb. Komandamız həqiqətən də yaxşı oyun nümayiş etdirir”.

Vitse-prezident Zaqatalada 3 xala layiq olduqlarını bildirib: “Bəziləri yazır ki, guya “Simurq” həmin görüşdə bir qapıya oynadı, qapımıza penalti təyin edilmədi. Əslində, belə şeylər olmayıb. Bəzi hakim səhvləri də oldu. Fikrimcə, “Simurq”un kapitanı Aleksandr Malıginə qırmızı vərəqə göstərib, meydandan qovmaq olardı. Ancaq hər halda, haqq-ədalət öz yerini tapdı və layiq olduğumuz 3 xalı oyunumuzla qazandıq”.

“Altılıq” uğrunda mübarizədə “qızıl xallar”ı vacib hesab edən Məmmədov “Neftçi” ilə birləşib, “Qəbələ”ni ordan kənarda qoymaqla bağlı gəzən söz-söhbətlərə də münasibətini bildirib: “Bunlar əsassız şayiələrdir. “Bakı”nın buna ehtiyacı da yoxdur. İnşallah, öz gücümüzə “altılıq”da yer alacağıq və bütün rəqiblərə də eyni gözlə baxırıq. Şəxsən mənə “Qəbələ”nin ora düşməsi sərf edir. Çünki biz bu komandanı səfərdə 2:0 hesabı ilə məğlub etmişik. Özü də cari mövsümdə heç kim “Qəbələ”ni səfərdə yenə bilməyib. Turnir cədvəlində indiki vəziyyətdə “qızıl xallar”a görə 10 xalımız var ki, bu heç də pis göstərici deyil. Belə ki, “Qəbələ” ilə yanaşı, “İnter” və “Simurq” üzərində qalib gəlib, “Xəzər-Lənkəran”la heç-heçə etmişik”.