Kayrat Aşurbəyov: “Bakı” mənə il yarımlıq müqavilə təklif edib
15.12.2009 - 11:11
Kayrat Aşurbəyov: “Bakı” mənə il yarımlıq müqavilə təklif edib
“Bakı” Qazaxıstan yığmasının daha bir futbolçusu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, Astananın “Lokomotov” klubunun 27 yaşlı yarımmüdafiəçisi Kayrat Aşurbəyov birdən-birə 2 paytaxt təmsilçisinin transfer siyahısında yer alıb.

Qazaxıstan mətbuatı Kayratın “Neftçi”nin transfer etmək istədiyini, hətta klub prezidenti Əkbər Hacıyevin danışıqlar aparmaq üçün Astanaya gəldiyini yazmışdı. Azərbaycandan təklif aldığını təsdiqləyən Aşurbəyov son Azərbaycan çempionu haqda fikrini bildirib: “Bəli, mənə həqiqətən də “Bakı”dan zəng olmuşdu. Mənimlə maraqlandıqlarını dedilər və il yarımlıq müqavilə təklif etdilər. Ancaq qərarımı bir qədər sonra açıqlayacağam. Hələ bu ayın sonuna kimi “Lokomotiv”lə müqaviləm var”.

Qazax futbolçunun həmin müddəti gözləməsi təsadüfi deyil. Belə ki, artıq yanvarın 1-də sərbəst futbolçu olacaq Aşurbəyova görə kompensasiya ödəmək lazım gəlməyəcək və bu variant “Bakı”ya da sərf edir.

“Bakı”nın maraqlandığı qazax futbolçulardan Sergey Ostapenko artıq baxışa gələrək, baş məşqçi Bülənt Korkmazla görüşüb. Türkiyəli mütəxəssis “Astana”nın 23 yaşlı hücumçusunu sınadıqdan sonra qərarını açıqlayacaq. Bu ilin iyunun 6-da İngiltərə yığması ilə rəsmi görüşdə ağır zədələnən Ostapenko həmin vaxtdan bu yana oynamır. Ancaq özündə güc tapan Sergey zədədən sonra bərpa olunub və artıq yaşıl meydana çıxır. “Bakı”nın heyətində görmək istədiyi Qazaxıstan yığmasının digər üzvü Jambil Kukeyev üçünsə ingilislərlə oyun əlamətdar olub. Çünki 21 yaşlı yarımmüdafiəçi həmin görüşdə Fabio Kapellonun komandasına qol vurub. Jambil Kayratın Astana “Lokomotiv”ində komanda yoldaşıdır.