Kimə inanaq: Ata, yoxsa oğul Cavadova?
29.12.2009 - 15:31
Kimə inanaq: Ata, yoxsa oğul Cavadova?
“Oğlumun “Tvente” klubuna transfer məbləğini nə mən bilirəm, nə də onun özü. Bu klub səviyyəsində həll olunan məsələdir. Ancaq indi həmin məbləği deməyəcəklər. Qiymət transfer rəsmiləşəndən, müqavilə imzalanandan sonra açıqlana bilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov deyib.

Oğlunun Hollandiya çempionatının lideri “Tvente”yə keçidi ilə bağlı müxtəlif məbləğləri eşidən ata Cavadov bunları təəccüblə qarşılayır: “Guya mən demişəm ki, transfer məbləği 500 min avrodur. Nə bu, nə də digər rəqəmləri doğru saymıram. Bu, məsələyə yerində tam aydınlıq gələcək. Rusiya Premyer Liqa təmsilçiləri həqiqətən də Vaqiflə ciddi maraqlanırdı. “Terek”, “Amkar”, Nalçik “Spartak”ı variantları çoxdan var idi. Son vaxtlar isə Moskva klublarına keçidi gündəmdə idi. Söhbət “Moskva”, “Lokomotiv”, Moskva “Dinamo”sundan gedir. Rusiyada agentimiz var ki, bu da ötənlərin məşhur qapıçısı Aleksandr Prudnikovun oğlu Aleksey Prudnikovdur. Ancaq Avropanı Rusiya, yaxud Türkiyə ilə müqayisədə bir addım irəli hesab edərək, “Tvente”yə keçməyə razılıq verdik. Ancaq həmin komandada möhkəmlənmək nə qədər çətin olsa da, buna nail olmaqla işimizi bitmiş saymayacağıq. Heç vaxt pul dalınca qaçmamışıq. Hamı bilir ki, biz futbolun xəstəsiyik. İnşallah, növbəti hədəfimiz Almaniya, İngiltərə, İtaliya, İspaniya klublarından birinə keçmək olacaq”.

Uzun illər “Neftçi” klubunda oynamış veteran futbolçu bildirib ki, Vaqifin “Tvente”yə keçidində əsas təşəbbüskar baş məşqçi Stiv Maklarendir: “Bildiyiniz kimi, “Qarabağ” Avroliqanın son təsnifat mərhələsində “Tvente”yə uduzaraq, mübarizəni dayandırdı. Maklaren hələ ilk görüşdə Vaqifin oyununu bəyənmişdi. Bakıda qolsuz heç-heçə nəticələnən oyundan sonra ingilis mütəxəssis oğluma yaxınlaşaraq, “Tvente”yə keçmək istəyini soruşdu. Vaqif hələ həmin vaxt razılığını versə də, “transfer pəncərəsi”nin bağlanmasına cəmi 3 gün qalırdı. Yəni o, bu qısa müddətin transferin reallaşmasına problem yaradacağını düşünürdü. Həmin vaxt keçid alınmadı”.

Qeyd edək ki, Vaqif Cavadov extratime.az saytına açıqlamasında bildirib ki, “Tvente”yə transferinin qiymətini yalnız iki nəfər – özü və atası bilir. Maraqlıdır, kim düz danışır, ata, yoxsa oğul Cavadov?