Cavid Hüseynov: Mən əyalət klubunda oynamaq istəmirəm
01.01.2010 - 12:25
Cavid Hüseynov: Mən əyalət klubunda oynamaq istəmirəm
"Bu məsələ hələ 100 faiz həllini tapmayıb. Müzakirə olunmalı bəzi məqamlar var. Təklif olunan şərtlərin məni razı saldığını deyə bilmərəm". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi"yə keçidi gündəmdə olan Cavid Hüseynov deyib.

"İnter"lə müqaviləsi başa çatan gənc futbolçu "bankirlər"dən də yeni təklif aldığını açıqlayıb: "İnter" müqavilə müddətini uzatmağımı istəyir. Xidmətimdə maraqlıdılar və rəhbərlik məndən razıdı. Elə baş məşqçi Kaxaber Tsxadadze də qalmağımı istəyir. O, deyir ki, yarımmüdafiənin sağında mən, solunda isə Andrey Rubin oynamalıdı".

Hüseynov "İnter"i, yoxsa "Neftçi"ni seçəcəksiz" sualını cavablandırmaq istəməyib: "Konkret bir söz demək istəmirəm. Yaxın 15-20 gündə hər şey həllini tapacaq".

Cavid "İnter" və "Neftçi"dən başqa xidmətində maraqlı olan daha üç klubun adını çəkib: "Bakı", "Qarabağ", "Xəzər-Lənkəran" da məni öz sıralarında görmək istəyir. Amma açığı, mən əyalət klubunda oynamaq istəmirəm. Seçim edərkən bu amil də böyük rol oynayacaq".

Extratime.az