“Pokora Azərbaycan futboluna heç bir xeyir verməyib” - MÜSAHİBƏ
06.01.2010 - 11:40
“Pokora Azərbaycan futboluna heç bir xeyir verməyib” - MÜSAHİBƏ
Azərbaycanın işsiz məşqçilərindən olan Nadir Qasımovun müsahibəsi

- Nadir müəllim, cari mövsümün gedişi sizi qane edirmi?
- Son turun oyunları göstərdi ki, mübarizə get-gedə qızışır. Hiss olunur ki, klublar “qızıl xallar” yığmaq üçün öz aralarında əsl rəqabət aparırlar. Bilirlər ki, həmin xallar sabah onlara çox lazım olacaq.

- “Altılıq” sistemini çoxları tənqid edir. Buna münasibətiniz necədir?
- Məncə, klublar futbola böyük məbləğdə yatırım qoyduqlarından, hər oyuna qələbə üçün çıxırlar. “Qəbələ”, “Bakı”, “İnter”, “Neftçi” kimi komandaların uşaq futboluna qoyduqları vəsaiti qeyd edə bilərəm. Bu mənada tətbiq olunan istənilən sistemdən asılı olmayaraq, hər kəs mübarizəsini sona qədər davam etdirəcək. Məncə, fevralda mübarizə bundan da gərgin olacaq.

- Favorit hansı komandanı görürsünüz?
- “Xəzər Lənkəran”ın oyunu çox xoşuma gəlir. “Qızıl xallar”ın sayına görə də ilk pillədə qərarlaşıb. Məncə, bu komandanı saxlamasalar, çempion ola bilər. Komandanın sükanı arxasında böyük hörmət bəslədiyim Ağasəlim Mircavadov dayanıb. Eyni zamanda “Simurq”, “İnter”, hətta “Neftçi” və “Qəbələ” kimi klubları da siyahıdan silməzdim.

- Neftçi”nin durumu heç də ürəkaçan deyil...
- Həm Vaqif Sadıqov, həm də Şakir Qəribov Azərbaycanın sayılıb-seçilən məşqçiləri hesab olunurlar. Başa düşmək lazımdır ki, bu gün “Neftçi”də cəmləşən heyəti onlar yığmayıblar. Çox istərdim ki, əcnəbi məşqçilərə olduğu kimi, bizim yerli məşqçilərə də vaxt verilsin. Vaxt verilərsə, Vaqif müəllim “Neftçi”ni bu vəziyyətdən çıxara biləcək.

- “Bakı” baş məşqçi postuna Bülənt Qorxmazı gətirdi. Sizcə, türkiyəli mütəxəssis ölkəmizdə uğur qazana biləcəkmi?
- Həmişə demişəm ki, mövsümün gedişində baş məşqçini dəyişmək kluba xeyir gətirmir. Yeni gələn məşqçi komandanı özü qurmadığından və futbolçulara bələd olmadığından, ciddi uğura imza ata bilməz. “Bakı” hazırda keçid dövrünü yaşayır. “Bakı”nın heyətində yer alan futbolçuların adlarına nəzər salsaq, görərik ki, komanda adına layiq oyunu göstərmir. İnanmaq istərdim ki, Qorxmaz qış fasiləsindən layiqincə yararlanacaq və fasilədən sonra “Bakı” daha yaxşı oynayacaq.

- “Simurq” bəlkə də ən çox tənqid olunan komandadır. Səbəb onların, demək olar ki, qeyri-azərbaycanlılardan təşkil edilmələridir. Bu məsələyə də münasibətinizi bilmək maraqlı olardı...
- Yadınızdadırsa, “Simurq”u tənqid edənlərdən biri də mən olmuşam. Həmin vaxt az qala məni xalq düşməni elan edəcəkdilər. Niyə doğrunu deyəndə xalq düşməni oluruq? Bizim jurnalistlər Pokoranı ilin məşqçisi seçmişdilər. Halbuki o, Azərbaycan futboluna heç bir xeyir verməyib. Qoy, barmağını qatlasın ki, burada işlədiyi 4-5 ildə bir nəfər gənc azərbaycanlı futbolçu yetişdirib. “Simurq”un varlığı yalnız və yalnız o mənada önəmlidir ki, Zaqatala kimi bölgəni təmsil edir və çempionata müəyyən rəng qatır. Necə ki, “Qarabağ” bütünlüklə yerli futbolçulardan təşkil olunub və istəyirlər ki, özlərini göstərsinlər, o cümlədən “Simurq” da tamamilə əcnəbilərdən təşkil olunduğundan, onlar da özlüyündə sübut etməyə çalışacaqlar ki, legionerlərin səviyyəsi yerlilərdən üstündür.

- “Qəbələ” öz oyunu ilə seçilən komandadır. Amma hiss olunur ki, bu komandanı sıxırlar. Sanki kimlərsə onların ilk “altılıq”dan kənarda qalmasında maraqlıdır...
- Kim ki, o məqsədi güdür, çox böyük səhvə yol verir. Mən Qəbələdə olmuşam. Orada futbolun inkişafı üçün böyük işlər görülür. 1-2 ilin yox, gələcəyin komandası qurulur. Uşaq futboluna, infrastruktura böyük yatırım qoyulur. Artıq Qəbələnin öz futbol markasını ortaya qoymaq istəyirlər. Ramiz Məmmədovu da uşaqlıqdan tanıyıram. Əminəm ki, o, öz sözünü deyəcək. “Qəbələ”ni qətiyyən siyahıdan silmək olmaz.

- Azərbaycanda oyun alqı-satqısına dair gedən söz-söhbətlərə münasibətiniz necədir?
- Mən bu söhbətlərdən uzaq qalmaq istəyirəm. Nədənsə, bizdə belə bir fikir formalaşıb ki, kim pis oynayır, deməli, oyunu satıb, kim yaxşı oynayır, deməli, alıb. Bu fikirlərdən uzaqlaşmaq lazımdır. Çünki klub rəhbərləri də artıq başa düşüblər ki, oyun alqı-satqısı ilə ancaq Biləcəriyə qədər getmək olar. Elə ki, Avropaya çıxırıq, bütün paxırlarımızın üstü açılır.

- Qalmaqallı “Turan” - “Neftçi” oyunu haqda sizin fikirləriniz necədir?
- Rusların sözü olmasın, ağ kağıza nə istəsən, yaza bilərsən. Gərək həmin yazılan təsdiqini tapsın. Həmin oyundan sonra özüm Tovuzda oldum, amma bununla bağlı heç bir şey eşitmədim. Yaxşı olardı ki, bu söhbəti ortaya atanlar sonuna qədər gedib hər şeyi açardılar. Mən də razıyam, həqiqətən də belə çirkin işlər olursa, onun iştirakçıları da ağır cəza almalıdırlar. Oxu atıb, yayını gizlətmək lazım deyil. Yenə deyirəm, bu tip söhbətlərdən uzaqlaşmaq lazımdır. Biz nə qədər bunu şişirdirik, bunda maraqlı olan insanlara da qol-qanaq vermiş oluruq.

- “Turan” oyunların demək olar ki, 80 faizində hesabı açır, ilk hissədə əla mübarizə aparır və fasiləyə öndə yollanır. Amma fasilədən sonra komanda qısa zaman kəsiyində 2-3 top buraxaraq məğlub olur. Sizcə, bu qədər təsadüf ola bilərmi?
- Bilirsiniz, bu, ümumilikdə Tovuz futbolunun adına yazılmamalıdır. Əgər komandanın daxilində 1-2 nəfər bu çirkin işə gedirsə, o demək deyil ki, Tovuzda bu işlə məşğul olurlar. Tovuz məktəbi Azərbaycan futboluna böyük futbolçular bəxş edib. Heç vaxt inanmaram ki, o məktəbdən çıxan insan bu yola əl atsın.

Mənbə: “Çempion-Azərbaycan” qəzeti