“Qarabağ”: 22 pillə öndə
07.01.2010 - 11:00
“Qarabağ”: 22 pillə öndə
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2009-cu ilin ən yaxşı klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin 350 ən güclü klubu arasında Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”dır. Ötən ilin yayında Avroliqada uğurlu çıxışı ilə diqqəti cəlb edən Ağdam təmsilçisi 79,5 xalla 227-ci pillədə qərarlaşıb.

Qurban Qurbanovun çalışdırdığı komanda ötən ayla müqayisədə, İFFHS-nin reytinqində 22 pillə irəliləyib. “Qarabağ”ın qabaqladığı komandalar arasında İtaliyanın “Kalyari” və “Napoli”, Rusiyanın “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor” və “Sivasspor”, Hollandiyanın “Feyenoord”, İngiltərənin “Blekbern”, İspaniyanın “Osasuna”, Ermənistanın “Pünik” klubları var.

Siyahıya ötən il 6 titul qazanmış “Barselona” başçılıq edir. İngiltərənin “Mançester Yunayted” və “Çelsi” klubları müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutur.