“Neftçi”dən qovulan futbolçu türk klubu ilə müqavilə bağladı
07.01.2010 - 11:06
“Neftçi”dən qovulan futbolçu türk klubu ilə müqavilə bağladı
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Ləvənt Kartop karyerasını “Kocaelispor”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının birinci liqasında yarışan İzmit təmsilçisi ötən qış olduğu kimi, yenə də heyətinə qatdığı yarımmüdafiəçi ilə il yarımlıq müqavilə bağlayıb.

Ləvənt 2008/09 mövsümünün birinci dövrəsində, qış fasiləsi başlamamış “Neftçi”dən qovulmuşdu. Daha sonra “Kocaelispor”a keçən futbolçu cari mövsümün birinci dövrəsində “Altay”ın şərəfini qoruyub. Lakin indi Kartop yenidən “Kocaelispor”a dönüb. O, izmitlilərin Superliqaya qayıtmasına kömək etməlidir. Liderlər qrupundan çox uzaq düşən “Kocaelispor” bu səbəbdən heyətdə islahatlar aparmaq məcburiyyətində qalıb. Türkiyəlilər Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu da yarım illik fasilədən sonra geri qaytarmaq istəsələr də, müdafiəçinin “Qarabağ”la müqaviləsinin olması buna imkan vermir.