“Muğan”ın futbolçusu Afrika çempionatında rekordçu oldu
11.01.2010 - 11:01
“Muğan”ın futbolçusu Afrika çempionatında rekordçu oldu
Afrikalı jurnalistlər Anqolada start götürən qitə çempionatının rekordlarını və maraqlı məqamlarının siyahısını tərtib edib. Apasport.az saytının məlumatına görə, Afrika Millətlər Kubokunun rekordlarından birində Azərbaycan Premyer Liqasının da payı olub.

Belə ki, yarışda iştirak edən Burkina-Faso yığması qitə birinciliyinin “ən səpələnmiş” komandası elan olunub. Bu milli komandanın Anqolaya gətirdiyi 23 nəfərlik heyətin üzvləri nə az, nə çox - 13 ölkənin çempionatında çıxış edir. Futbolçularının daha çox ölkəyə səpələnməsində rekordçu olan Burkina-Fasonun bu nəticəsində Unibank Premyer Liqasının da payı var.

Salyanın “Muğan” klubunda oynayan Narsis Yameoqo ölkəmizin də bu “13-lüy”ə düşməsinə səbəb olub. Narsisin komanda yoldaşları arasında Fransa və Almaniyadan 4, Portuqaliyadan 3, Misir və Burkina-Fasonun özündən 2, Belçika, Çin, Liviya, Moldova, Qətər, Rumıniya və Rusiya çempionatlarında 1 oyunçu var.

Qeyd edək ki, Yameoqonun komandası bu gün Bakı vaxtı ilə saat 20:00-da Anqolada ilk oyununa çıxacaq. Burkina-Faso Kot-d’ivuar yığması ilə görüşəcək.
0