Hollandiyadan xoş xəbər: “Tvente” ilə danışıqlar müsbət nəticələndi
11.01.2010 - 18:37
Hollandiyadan xoş xəbər: “Tvente” ilə danışıqlar müsbət nəticələndi
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi bu gün rəsmiləşəcək. Bu haqda apasport.az saytına futbolçunun müqavilə ilə məxsus olduğu “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Vaqif və onun atası Füzuli Cavadovla birgə Hollandiyanın Enshede şəhərinə yollanan Çəlikəl danışıqların əsas iştirakçılarındadır. O, 2007-ci ilin qışında Moskva MOİK-indən transfer etdikləri Cavadovun “Tvente”yə keçidi üçün ciddi problem görmür: “Vaqif bu gün “Tvente” ilə rəsmi müqavilə imzalayacaq. Bu, yerli vaxtla saat 16:00-da olacaq. Yəni, Bakı vaxtı ilə saat 19:00-da Cavadov artıq “Tvente”nin futbolçusu olacağı gözlənilir. Danışıqlarımız demək olar müsbət yekunlaşıb. Yalnız xırda detallar qalıb ki, bu da yoluna qoyulmalıdır. Hazırda toplantıdayam, keçid rəsmiləşəndən sonra ətraflı məlumat verəcəyik. Vaqifin “Tvente” ilə müqaviləsinin müddətinin ən azı 3 illik olmalıdır”.
0