“Neftçi” rəhbərliyi mən deyən pulu vermədi”
11.01.2010 - 16:51
“Neftçi” rəhbərliyi mən deyən pulu vermədi”
Bakının “Neftçi” klubunun yeni transferi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- “Neftçi”yə transferiniz düyünə düşmüşdü. Əvvəl dedilər ki, bu komandaya keçmisiniz. Ardından məlum oldu ki, “İnter”də qalıb müqavilənin müddətini uzadacaqsınız. Ancaq sonda “Neftçi”yə transfer olduğunuz rəsmən bəyan edildi. Bütün bunlar nə ilə bağlı idi?
- Sözün düzü, bu, özümə görə belə oldu. Daha dəqiq desək, anlaşılmazlıq yarandı. “Neftçi” mənə əvvəlcə təklif göndərmişdi. 3-4 dəfə gedib-gəldim, oturub danışdıq. Ancaq müqavilə məsələlərində razılığa gələ bilmədik. Buna görə də “İnter”ə qayıdıb, qaldığımı dedim. Ancaq sonradan dedilər ki, “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov məni sərəncamında görmək istəyir. Belə olan halda, yenidən “Neftçi”yə gəldim və bu dəfə ortaq məxrəcə gəldik.

- Belə çıxır ki, “Neftçi” siz istəyən pulu vermirdi?
- Qiymət deyəndə ki, “Neftçi” mən deyən pula gəlib çıxmadı. Mən bu komandaya çox aşağı məbləğə keçməyə razılıq verdim.

- Konkret hansı məbləğə?
- Bunu demək düzgün çıxmaz. Hər halda, çox aşağıdır.

- Ancaq futbolçu üçün pul da böyük rol oynayır. Sözlərinizə inansaq, “Neftçi”yə keçməklə, heç də maddi baxımdan qazanmadınız?
- Qazancı düşünmədim. Hər halda, mənəvi baxımdan qazandım. “Neftçi” “Neftçi”dir, futbolumuzun flaqmanıdır. “Neftçi”də oynamaq hər bir futbolçunun ürəyindən keçir. Mən də istəyirdim ki, futbolçu karyeramda yolum “Neftçi”dən də keçsin. Çox şadam ki, bu, mənə qismət oldu.

- Ancaq futbolçu kimi tanınmağında “İnter”in böyük rolu oldu. Hər halda, “Olimpik” sizdən imtina edəndən sonra “İnter” sizi transfer etməkdən çəkinmədi və əsas yığmaya da bu komandadan cəlb olundunuz...
- Əslində, mən “İnter”ə gələnədək hazır futbolçu idim. Əsgər Abdullayev sağ olsun ki, mənə şans vermədi.

- Bunu necə başa düşək? Əsgər Abdullayevdən vaxtilə sizdən üz çevirdiyinə görə narazı qalmısınız?
- Yox. Abdullayev mənim baş məşqçim olub və ona təşəkkür edirəm. Nə isə, bütün bunlar artıq arxada qalıb və geriyə boylanmaq istəmirəm. Onunla razıyam ki, “İnter”in karyeramda müsbət mənada böyük rolu olub.

- “İnter”in maddi imkanları da yaxşıdır. Elə isə iki il şərəfini qoruduğunuz komandanı niyə tərk etdiniz?
- Sadəcə, ab-havanı dəyişmək, özümü yeni klubda sınamaq istədim. Bu mənada “Neftçi”dən gələn real təklifi dəyərləndirdim.

- Son vaxtlar “İnter”də az oynayırdınız. Bəlkə daha ehtiyatda qalmaq istəmədiniz?
- Niyə oynamadım ki? Hamı deyir ki, “İnter”də daha oynamırdım. Əslində, məsələ başqa cürdür. Cari mövsümün ilk dövrəsində yaşıl meydanda kənarda qalmağıma əsgərliyə çağırılmağımın böyük təsiri oldu. Hələ oktyabrın 14-də Rusiya yığması ilə Bakıdakı rəsmi oyundan sonra bir-iki günə hərbi xidmətə gedəcəyimi demişdim. Əslində, həmin vaxt 14 gün gecikmişdim. Yəni çağırış ayın əvvəlində başlamışdı. Nə isə, hərbi komissarlığa gedib-qayıtdım və yalnız oktyabrın 27-də əsgərliyə aparıldım. Çağırış vaxtı adətən belə “get-gəllər” olur. Hərbi xidmətdə iki aya yaxın olduqdan sonra isə “İnter”in düşərgəsinə qayıtdım. Həmin vaxt iki tur qalmışdı, artıq formada deyildim. “İnter”in əvəzedici komandasının heyətində yer aldım, “Turan”a qarşı oynadım. Özüm də gördüm ki, zəif oynadım, əvvəlki formamdan uzağam.

- Siz adətən yarımmüdafiənin sağ cinahında çıxış edirsiniz. Burada da komandanın kapitanı Zaur Tağızadə, Rəşad Abdullayevin çıxış etdiyini nəzərə alsaq, sizi böyük rəqabət gözləyir...
- Bilirsiniz, mən indidən belə şeyləri fikirləşim, özümə dərd edərəm. Öz gücümə inanıram. Fikrimcə, “Neftçi”nin formasını daşımağa layiqəm. İnanıram ki, bu komandada özümü göstərə biləcəyəm. Hansı mövqedə oynatmaq artıq baş məşqçinin işidir. İstənilən mövqedə oynamağa hazıram. İstər yarımmüdafiə, istərsə də hücumda. Lap müdafiədə də çıxış etməyə hazıram. Təki oynayım. Artıq “Neftçi”nin məşqlərində iştirak edirəm. Yeni komandama tezliklə uyğunlaşmağa çalışacağam.

- Müqavilənizin müddəti nə qədər nəzərdə tutulub?
- Müddət ya bir il, ya il yarım olacaq. Bu, rəsmi müqaviləni imzaladıqdan sonra dəqiqləşəcək.

- Milli komandaya qayıtmaq üçün “Neftçi”də heyətdə möhkəmlənməlisiniz. Sizcə, milli komandamıza gətirən Berti Foqtsun yenidən etimadını doğrulda biləcəksinizmi?
- Təbii ki, “Neftçi”yə keçməklə məqsəd burda uğur qazanmaqla yanaşı, milli komandaya qayıtmaq olacaq. Bunun üçün əvvəlki formamı qaytarmalıyam. Mən buna çalışacağam, sonrası necə olacağını isə zaman göstərəcək. İnanıram ki, oynayandan sonra yenidən yığmadan dəvət ala bilərəm. Hər halda, Foqts məni tanıyır, futbolçu kimi potensialıma bələddir. Buna qədər isə “Neftçi” ilə əsas məqsəd “altılığ”a düşməkdir. Son 5 oyunda buna nail olmalıyıq.
0