“Əsgərlikdən ağızdolusu danışa bilmərəm”
12.01.2010 - 00:01
“Əsgərlikdən ağızdolusu danışa bilmərəm”
“Əsgərlik haqda ağızdolusu danışa bilmərəm. Hamı kimi mən də Vətən qarşısında borcumu yerinə yetirmək üçün hərbi xidmətə yollandım”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov deyib.

Unibank Premyer Liqasında “transfer pəncərəsi” açılandan sonra “İnter”dən “Neftçi”yə keçən 22 yaşlı yarımmüdafiəçi cari mövsümdə cəmi 4 oyun (214 dəqiqə) keçirib. Ötən ilin oktyabrında əsgərliyi çağırılan Cavid təxminən iki ay futboldan kənar qaldı. AFFA prezidenti Rövnəq Abdullayevin işə müdaxiləsi nəticəsində qış fasiləsinə az qalmış “İnter”ə qaytarılan Hüseynovun milli komanda üzvü olması əsas nəzərə alındı. Gənc futbolçu hərbi xidmətdə az olsa da, orada insanları tanımağı asan iş saymır: “Əsgərlikdə hamı eyni forma altında olur. Bilmək olmur ki, kim çöldə necə olub. Yəni, hərbi xidmətə gələnə kimi yaxşı, yoxsa pis insan olduğu məlum deyil. Bunu ayırd etmək nə qədər çətin olsa da, əsgərlikdə özümə dost da qazandım. Orada hamı kimi mən də çətinliyə dözməli oldum, karantin keçdim”.

Qeyd edək ki, Cavid Salyanda N saylı hərbi hissədə qulluq edib.
0