Yığmamızın qapıçısının anası vəfat edib
11.01.2010 - 17:51
Yığmamızın qapıçısının anası vəfat edib
Futzal üzrə Azərbaycan mili komandasının rusiyalı qapıçısı Andrey Tveryankinin anası vəfat edib. Apasport.az saytının məlumatına görə, bunu yığmamızın baş məşqçisi Joze Alesio da Silva deyib. Braziliyalı mütəxəssis bildirib ki, futzalçı tezliklə Bakını tərk edəcək.

“Bazar günü Tveryankinin anası dünyasını dəyişib. Bu səbəbdən o, bir neçə günlüyə Rusiyaya gedəcək. Fikrimcə, qapıçı həftənin sonundan tez qayıtmayacaq. İndi biz bir qapıçı ilə qalmışıq” - deyə Silva vurğulayıb.

Avropa çempionatının final mərhələsinə hazırlaşan yığmamızın baş məşqçisi məcburiyyət qarşısında qaldıqlarından, heyətə daha bir qapıçı cəlb edəcəklərini söyləyib: “Milli komandanın üçüncü qapıçısı Ramin Həsənzadəni məşqlərə çağırmaq istəyirəm. O, istedadlı oğlandır, yığmada oynamaq bacarığına malikdir. Hələlik biz ona hazırlıq zamanı köməkçi qismində yanaşırıq, çünki Avropa çempionatına Tveryankinlə Marat Salyanski aparılacaq”.

Qeyd edək ki, qitə birinciliyi 19-30 yanvar aralığında Macarıstanda keçiriləcək.

Mənbə: extratime.az
0