“Neftçi” ilə oyunun ən maraqlı tərəfi onda idi ki...”
11.01.2010 - 18:08
“Neftçi” ilə oyunun ən maraqlı tərəfi onda idi ki...”
“Mövsümə çox uğurlu start verdik. Bir neçə ardıcıl qələbə qazandıq və liderliyə yüksəldik. Lakin sonradan komanda istədiyi oyunu nümayiş etdirə bilmədi və turnir cədvəlində bir qədər gerilədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Muğan”ın kapitanı Elnur Abdullayev klubun rəsmi saytına müsahibəsində deyib.

Ruslan Qafitullin komandadan kənarlaşdırıldıqdan sonra kapitan sarğısını daşıyan 24 yaşlı yarımmüdafiəçi istirahəti yaxşı keçirdiyini bildirib. Bu müddətdə yoldaşları ilə futbol oynamağa da imkan tapan Elnur “Muğan”ın son oyunlarından razı qalıb: “Komandamızın keçirdiyi son üç oyun məndə demək olar ki çox müsbət təsir bağışladı. “Muğan” “Qarabağ”a, “Neftçi”yə, “Xəzər-Lənkəran”a qarşı çox baxımlı oyun nümayiş etdirdi. Hər üç oyunda qalib gəlmək şanslarımız böyük idi. Hətta “Neftçi” ilə matçda komanda önə keçdiyi təqdirdə, rəqib oyunun sonlarına yaxın tarazlığı bərpa etməyi bacardı”.

Abdullayev ilk dövrədə ən yadda qalan oyunu məhz “Neftçi” ilə Salyanda 2:2 hesabı ilə bitən görüşü sayır: “Məncə, ən maraqlı qarşılaşma elə bu, oldu. Məğlub duruma düşdüyümüz təqdirdə bir topla önə çıxdıq. Yalnız oyunun sonlarına yaxın “Neftçi” bərabərlik qolunu vura bildi. Bu matçın mənim üçün ən maraqlı tərəfi onda idi ki, hər iki tərəf hücum futboluna üstünlük verirdi və matç son dərəcə həyəcanlı keçdi”.

“Muğan”da bir il oynayan Elnur serb komanda yoldaşı, 27 yaşlı müdafiəçi Miloş Zetseviçi fərqləndirib: “Legionerlərimiz ilk dövrədə yaxşı təsir bağışladılar və baxımlı oyun göstərdilər. Lakin Miloş Zetseviçin səviyyəsi daha çox diqqətimi cəlb etdi. Çox dəqiq və yüksək potensialı olan futbolçudur”.
0