6 klub Respublika stadionuna “köçdü”
11.01.2010 - 18:21
6 klub Respublika stadionuna “köçdü”
“Qarabağ”, “Bakı”, “Simurq”, “Qəbələ”, “Olimpik-Şüvəlan” və “Neftçi” klubları futbol üzrə 2010-2011-ci il mövsümündə Avropa kuboklarına vəsiqə qazansalar, rəqiblərini Tofiq Bəhramov adına stadionda qəbul edəcəklər. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, artıq bu klubların hər biri arena ilə müqavilə bağlayıb. Avrokuboklara iddialı komandalardan yalnız “Xəzər-Lənkəran”la “İnter” Respublika stadionunda oynamağa qərar verməyib. “Xəzər-Lənkəran” rəqiblərini Lənkəran şəhər mərkəzi stadionunda qəbul edəcək. “İnter” isə harada oynayacağını hələ müəyyənləşdirməyib.

Qeyd edək ki, “İnter” klubu icarəyə götürdüyü “Şəfa” stadionunda 2011-ci ilədək beynəlxalq oyun keçirə bilməyəcək. Bu haqda bir neçə gün öncə Lent.az-a məlumat verən Georgi Nikolov səbəb kimi meydançada ətrafında tikinti işlərinin aparılmasını göstərib. O bildirib ki, tikinti işləri ilin sonunda başa çatacaq. Sonra isə meydançanın süni örtüyü daha müasiri ilə əvəzlənəcək. Nəhayət, FİFA-nın icazəsi alındıqdan sonra “Şəfa” stadionunda beynəlxalq oyunların təşkili mümkün olacaq.
0