Millətlər Kubokunda “azərbaycanlı tələbə”nin üzüntüsü
12.01.2010 - 10:15
Millətlər Kubokunda “azərbaycanlı tələbə”nin üzüntüsü
Qalmaqalla başlayan Afrika Millətlər Kubokunda “azərbaycanlı tələbə” də üzülüb. Apasport.az saytının məlumatına görə, təşkilatçı ölkə - Anqola prezidenti Joze Eduardo dos Santos ali təhsilini ölkəmizdə alıb. O, Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.

Bu ilin avqustun 28-də 70 illik yubileyini qeyd edəcək Eduardo milli komandasının Mali yığması ilə açılış oyununda qələbəni inanılmaz şəkildə əldən buraxmasına təəssüflənib. Həmin görüşdə 78-ci dəqiqəyədək hesabda 4:0 irəlidə olan anqolalılar sonradan 4 qol buraxıblar. Özü də axırıncı iki qol 90+3 və 90+4-cü dəqiqələrə təsadüf edib. Meydan sahiblərinin hesabda 4:0 irəlidə olan zaman isə ölkənin birinci xanımı Anna Paula dos Santosun necə ürəkdən sevinməsi, hətta oynaması diqqətdən yayınmamışdı.

İnşaatçı ailəsində anadan olan dos Santos ötən əsrin 60-cı illərinin əvvəllərində təhsilini davam etdirmək məqsədilə keçmiş SSRİ-yə, daha dəqiq desək, ölkəmizə gəlib. Neft və Kimya İnstitutunda çoxsaylı afrikalılar kimi təhsil alıb. 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Joze Eduardo artıq 31 ildir hakimiyyətdir. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Düzdür, o, axırıncı seçkilərdən sonra bir daha namizədliyini verməyəcəyini bildirib. Ancaq ölkəsində mötəbər turnirin startı ərəfəsində Toqo yığmasını aparan avtobusun gülləbaran edilməsi prezidentin imicinə böyük zərbə vurub.
0