Viktor Pasulko “Xəzər-Lənkəran” klubunu ikinci pilləyə qaldırdı
12.01.2010 - 10:58
Viktor Pasulko “Xəzər-Lənkəran” klubunu ikinci pilləyə qaldırdı
“Yunanıstan yığmasının baş məşqçisi Otto Rehagel mənə skaut işləməyi hələ 4 il öncə təklif etmişdi. Ancaq həmin vaxt Azərbaycanda “Xəzər-Lənkəran” klubunu çalışdırırdım və bu səbəbdən Bundesliqada oynayan yunan futbolçuları izləmək imkanım yox idi. Ancaq bir il sonra Almaniyaya qayıtdığım zaman Rehagellə artıq razılaşdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.

2006-cı ilin qışında lənkəranlıların dəvəti ilə komandanın sükanı arxasına keçən ukraynalı mütəxəssis 6 ay çalışdı. Pasulko ölkəmizdəki qısa fəaliyyətini belə dəyərləndirib: “Xəzər-Lənkəran” indi Azərbaycan futbolunun liderləri sırasındadır. Ancaq mən gələn vaxtı klub infrastrukturu ümumiyyətlə, yox idi. Stadionu icarəyə götürmüşdülər. Mən gələndə komanda çempionatın turnir cədvəlində axırdan əvvəlki pillədə idi. Yarım ildə biz heç bir oyun uduzmadıq və 2-ci yeri tutduq”.

Yanvarın 1-də ad gününü qeyd etmiş Pasulkonun fakt səhvlərinə yol verdiyini deyə bilərik. Belə ki, 49 yaşı tamam olan təcrübəli çalışdırıcı “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunduğu zamanı komanda heç də turnir cədvəlində sondan əvvəlki pillə deyildi. Çempionatda Pasulkonun rəhbərliyi altında uduzmayan cənub klubu sonda 2-ci yox, 7-ci oldu.

Moldovada milli komandanın, Özbəkistanda “Şurtan” klubunun baş məşqçisi olmuş Pasulko işlədiyi üç ölkədə Azərbaycana üstünlük verib: “Azərbaycan çempionatı Özbəkistan və Moldova çempionatlarından yüksəkdir. Orada 4-5 komanda qızıl medallara namizəddir”.

Qeyd edək ki, Pasulko “Xəzər-Lənkəran”da yeganə məğlubiyyətini ölkə kubokunun yarımfinalında Yevlaxın “Karvan” klubu ilə səfər oyununda alıb – 0:3. O, mövsüm bitəndən sonra postundan qovulmuşdu.
0