“Muğan”ın futbolçusu: Droqbaya qarşı 62 dəqiqə
12.01.2010 - 11:23
“Muğan”ın futbolçusu: Droqbaya qarşı 62 dəqiqə
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda keçirilən Kot-d’İvuar – Burkina Faso qarşılaşması Azərbaycan futbolunun tarixinə düşüb.

Həmin görüş ölkəmizdə top qovan legionerin qitə çempionatlarının final mərhələsində meydana çıxdığı ilk matç olub. Belə ki, Salyanın “Muğan” klubunun hücumçusu Narsis Yameoqo 0:0 hesabı ilə oyunda meydana çıxıb. Start heyətində yer alan 29 yaşlı futbolçu 62 dəqiqə Didye Droqba və komandasına qarşı oynayıb. Final fitinə 28 dəqiqə qalmış Həbib Bamoqo ilə əvəzlənən Narsis turnirə məğlubiyyətsiz başlamaqda pay sahibi olub. Kot-d’ivuar yığmasının heyətində Emanuel Ebue, Kolo Ture, Yaya Ture, Bakari Kone, Droqba, Solomon Kalu, “Qalatasaray”da çıxış edən Kader Keyta kimi ulduzlar da qarşılaşmanın iştirakçıları olublar.

Qeyd edək ki, Narsisisin komandası növbəti oyununu yanvarın 15-də Toqo ilə keçirməli idi. Bu komanda yarışda oynamaqdan imtina etdiyindən burkina fasolular bir də ayın 19-da Qana ilə oyunda meydana çıxacaq.
0