Bakıda darıxan qapıçı dünyanın ən yaxşısı seçildi
12.01.2010 - 11:32
Bakıda darıxan qapıçı dünyanın ən yaxşısı seçildi
Dünyanın ən yaxşı qapıçılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz nümayəndələri arasında keçirdiyi sorğuya əsasən planetin ən güclü əlcək sahiblərini müəyyənləşdirib.

Səsvermədə 230 xal toplayan İker Kasilyas səsvermənin qalibi olub. İspaniya yığmasının və “Real” klubunun qapıçısı ən yaxın izləyicisini 80 xal qabaqlayıb. Belə ki, İtaliya yığmasının və “Yuventus”un təcrübəli futbolçusu Canluici Buffon 150 xal toplayıb. Üçüncü yeri isə hesabında 124 xal olan İtaliyanın “İnter” klubunun braziliyalı qapıçısı Julio Sezar tutub.

Qeyd edək ki, planetin ən yaxşı qapıçısı ötən il iyunun 9-da Azərbaycan və İspaniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununun iştirakçısı olub. O yığmamızın 0:6 hesabı ilə uduzduğu görüşün birinci hissəsində qonaqların qapısını qoruyub. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunun 45 dəqiqəsi ərzində o qədər də işi olmayan, hətta işsizlikdən darıxan İker fasilədə əvəzlənib.
0