Berti Foqtsun planları pozuldu
12.01.2010 - 12:01
Berti Foqtsun planları pozuldu
Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna keçidi Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun planlarını pozacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızı tez-tez təlim-məşq toplanışlarına yığan 63 yaşlı alman mütəxəssis “Tvente”dən Vaqifi tez-tez gətirə bilməyəcək.

Məlum olduğu kimi, FİFA-nın reqlamenti ilə klub futbolçunu yoldaşlıq görüşü 48, rəsmi oyuna 96 saat qalmış buraxmaq hüququna malikdir. Ali futbol qurumunun təqvimində nəzərdə tutulmayan oyunlar, hazırlıq prosesləri zamanı isə futbolçunu yığmaya buraxmaq məcburi deyil. Üstəlik, Avropada belə şeylərə ciddi fikir verilir və Foqts istədiyi vaxtda futbolçunu sərəncamında görə bilməyəcək.

Eyni sözləri Mahaçqalanın “Anji” klubu ilə müqavilə bağlamaq üzrə olan müdafiəçi Mahir Şükürova aid etmək olar. Hər halda, Rusiya Premyer Liqa klubları da qayda-qanuna ciddi riayət etmələri ilə seçilir. Yığmaya görə tez-tez klubun düşərgəsini tərk etmək isə onların əsas heyətə düşmək işlərini xeyli çətinləşdirəcək. Cavadovla Şükürovun ehtiyatda qalması isə onların yığma perspektivinə də böyük zərbə vuracaq.

Foqtsun tələbi ilə Unibank Premyer Liqasının təqvimi bir qədər də sıxlaşdırıldı və qalan 5 tur fevrala salındı. Bu, milli komandamızın ölkədən kənarda təxminən 10 günlük təlim-məşq toplanışında olması ilə bağlıdır. Fevralın 25-də səfərdə İordaniya, martın 3-də Lüksemburqla yoldaşlıq görüşlərini keçirmək nəzərdə tutulub. Hər ikisi FİFA-nın təqvimində nəzərdə tutulub və reytinq cədvəlində nəzərə alınacaq.
0