“Vaqif Cavadov gələcək nəslə qapı açmalıdır”
13.01.2010 - 15:36
“Vaqif Cavadov gələcək nəslə qapı açmalıdır”
“Legioner – fərqi yoxdur azərbaycanlı, yaxud başqası - çıxış etdiyi ölkədə işinə ilk növbədə peşəkar yanaşmalıdır. Əgər deyilən səhvi başqa cür qəbul edirsə, bu, ona mənfi təsir göstərəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının ilk kapitanı Nazim Süleymanov deyib.

Ən yaxşı legionerlərimizdən olan veteran hücumçu Rusiya çempionluğu qazanan yeganə azərbaycanlıdır. Vaqif Cavadovun Hollandiyanın “Tvente”yə keçidini yüksək dəyərləndirən Süleymanov ona məsləhətlərini verib: “Əslində, tövsiyələrim Rusiyanın “Anji” klubu ilə müqavilə bağlamağa yollanan Mahir Şükürova da aiddir. Onların, xüsusilə, Vaqifin üzərinə ikiqat məsuliyyət düşür. Məşqlərdə yaxşı çalışıb, heyətdə möhkəmlənmək, uğurlu çıxış etmək lazımdır. Legionerlərimiz hər bir cəhətdən özlərini yaxşı göstərməli, peşəkar olduqlarını sübut etməlidirlər. Həmyerlilərimiz Azərbaycanda futbolun olduğunu göstərməklə digərlərinə, gələcək nəslə qapı açmalıdırlar. Sübut etmək lazımdır ki, Azərbaycanda futbol olub, olacaq da. 2009-cu il Vaqif üçün çox uğurlu oldu. Həm milli komandada, həm də “Qarabağ”ın heyətində gözəl oyun göstərdi, ötən ilin ən yaxşı futbolçusu seçildi, bir sıra mükafatlar qazandı. Sözsüz ki, bu, Vaqifin istedadlı olmasını göstəricisidir. Sadəcə, dayanmayıb, öz üzərində daha çox işləmək lazımdır”.

Süleymanov Cavadovda hücumçulara xas olan bir sıra yaxşı keyfiyyətləri görür: “O, qapıya imanla hücum edir, uzaq məsafədən zərbə vurmaqdan çəkinmir. Güclü zərbələri olan Vaqif yaxşı driblinqi, qol duyumu var. Bu isə hücumçu üçün çox vacibdir. Futbolçu səhvi ilk növbədə özündə axtarmalıdır, məşqçidə yox. Səhvi başqasında görəcəksə, irəli gedə bilməyəcək”.

Qeyd edək ki, Süleymanov futbolçu karyerasını bitirdiyi Rusiyada uzun müddət ən çox qol vuran legioner olub.
0