AFFA UEFA-dan şikayət etdi
13.01.2010 - 17:14
AFFA UEFA-dan şikayət etdi
AFFA rəhbərliyi UEFA-nın Nəzarət və İntizam Komitəsinin 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması (U-19) barədə qərarından apelyasiya şikayəti verib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, şikayət qərarın cərimə hissəsi ilə bağlıdır. Şikayət ərizəsi UEFA-nın müvafiq qurumuna göndərilib.

Qeyd edək ki, U-19-un heyətində yaşı süni şəkildə azaldılmış 6 futbolçu - İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova oynadığından, AFFA 60 min avro cərimələnib.

Eyni zamanda, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ötən il 19-24 sentyabr aralığında Bakıda keçirilmiş İspaniya - Azərbaycan, Azərbaycan - Ukrayna və Kipr - Azərbaycan oyunlarının nəticələri ləğv olunub və hər üç matçda milli komandamıza 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik, U-19 2010-cu və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılıb, 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü kimi təyin olunub.
0