Milli çempionatımızda oynayan futbolçu dünyada 50-ci yerdədir
14.01.2010 - 11:13
Milli çempionatımızda oynayan futbolçu dünyada 50-ci yerdədir
2009-cu ilin ən məhsuldar çempionat oyunçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il başa çatan milli çempionatlarda 20 və daha çox qol vuran futbolçuların cədvəlini tərtib edib. Planetin ən güclü 60 çempionatına əsasən açıqlanan siyahıda “payız-yaz” sistemi ilə keçirilən 2008/09, “yaz-payız” sistemi ilə başa çatan 2009 mövsümlərinin nəticələri nəzərə alınıb.

İFFHS-in sıralamasında birinci yeri Avstriyanın “Zalsburq” klubunun hücumçusu Mark Yanko tutub. Ötən mövsüm 39 qol vuran futbolçu ikinci pillədə qərarlaşan İspaniyanın “Atletiko” klubunun uruqvaylı oyunçusu Dieqo Forlanı 7 qol qabaqlayıb. Üçüncü yeri isə “Barselona”da keçirdiyi ötən mövsümdə 30 qol vuran kamerunlu Samuel Eto’O tutub.

Azərbaycan çempionatı dünyanın 97-ci birinciliyi olduğundan, Unibank Premyer Liqasının qolçularının nəticələri hesablanmayıb. Lakin ölkəmizdə çıxış etmiş hücumçular arasında siyahıya düşənlər tapılıb. Bu, “İnter”in sabiq oyunçusu Valdas Trakisdir. Litva “Ekranas”ının heyətində ötən il 20 qol vuran hücumçu planetin 50-ci bombardiri olub. 27 görüşə bu qədər qol vuran Trakis Milan Baroş və Rivaldo kimi ulduzları daha az oyun keçirdiyi üçün qabaqlayıb.

Türkiyə Superliqasının ən məhsuldar oyunçusu olmuş çexiyalı Baroş isə 52-ci yerdədir. “Qalatasaray”ın futbolçusu ötən çempionat 20 dəfə fərqlənmişdi. O, eyni sayda qol vuran məşhur Rivaldodan yalnız oyun sayında geri qalıb. Belə ki, Özbəkistanın “Bunedkor” klubunda çıxış edən braziliyalı 20 qolu 29 matça vurub. Baroş isə 2 oyun çox oynayıb.

Qeyd edək ki, 34 matça 39 qol vuran Yanko orta məhsuldarlığına görə (1,147) də planetin birincisi olub.
0